Şriftin ölçüsü :

Saytın rəngi :

Gün birlik olma günü, zaman vahid amal uğrunda birləşmə zamanıdır!!!

17 iyul 2020 | 16:00

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Fərəh Məcidzadə

Ulu tanrı bəxş etdiyi milli təbii sərvətlərlə yanaşı, Azərbaycan xalqına qeyrətli, məğrur, uzaqgörən övladlar da bəxş etmişdir. Bu tarixdə də belə idi, bu gün də belədir. İstər döyüş meydanında, istərsə də müzakirə masasında Azərbaycan xalqının qeyrətli oğulları biləyinin gücü, sözünün kəsəri ilə fərqlənmişdir. Ona görə, Azərbaycan xalqı hələ də başımıza gətirilən bütün faciələrə rəğmən möcüzəvi şəkildə dimdik ayaqda durmağa, inkişaf etməyə, əlçatmaz zirvələri fəth etməyə və dünya birliyinə  istəklərini diktə etməyə nail olur. Azərbaycan hər zaman qonşu dövlətlərin tamahına tuş gəlib, diqqət mərkəzində olmuşdur.Tariximiz acınacaqlı sınaqlardan, keçməkeşli yollardan, amansız oyunlardan keçib və əfsuslar olsun ki, nə sinəmizə çəkilən ilk dağdır bu gün hər bir Azərbaycanlının illərdir qabıq bağlamayan yarası olan Qarabağ, nə də ki, yaşadılan ilk qara taleh.
“Aprel Zəfəri” ndən dərs çıxarmayan, yenilməyə doymayan Ermənistan yenidən xaincəsinə təxribata əl atıb atəşkəs rejimini kobud şəkildə pozaraq dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin yerində cavab zərbələri düşməni çox gözlətmədi. Əfsuslar olsun ki, dövlət sərhədlərimizin qorunması naminə şəhidlər verdik. Şəhidlərini əbədi istirahətgah olan torpağa tapşıran xalq, xüsusilə də gənclərimiz müxtəlif formalarda Ordumuza dəstək aksiyaları həyata keçirdi. Hər zaman olduğu kimi bu dəfə də radikallar cəmiyyətin ən dinamik təbəqəsi olan gənclərimizdən öz xain və məkrli planlarını reallaşdırmaq üçün istifadə edərək, həqiqətdə, erməni lobbisinin mənəvi qayğısı və maddi dəstəyi ilə əhatələndiklərini bir daha sübut etmiş oldular.  Beləliklə də, yürüş iştirakçılarının azsaylı hissəsi, qanunazidd əməlləri ilə əslində pozuculuğa maraqlı olan qüvvələrin və beşinci kolon təmsilçilərinin cəmiyyətdə ictimai-siyasi sabitliyi pozmaqdan, qarşıdurma yaratmaqdan ibarət olan anti-milli məqsədlərinə xidmət göstərmişdir. Bütün bunlarsa xalqımıza, vətənimizə, dövlətimizə, bu yolda canını vermiş şəhidlərimizin ruhuna qarşı xəyanətdən başqa bir şey deyildir.
Cənab Prezidentin cəsarətli, dövlət maraqlarından çıxış edən mövqeyini gördükcə, öz Prezidentimlə qürur duyuram və bu məni hərtərəfli vətənpərvər  bir gənc  kimi yetişdirir. Baxmayaraq ki, mən bir xanımam, şəxsən özümün, təmsil etdiyim Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının bütün gənclərinin Ali Baş komandanımızın bir əmri ilə torpaqlarımızı işğaldan azad etməyə, döyüşə hazır olduğunu bildirirəm.
Yaşasın, suveren, qüdrətli, müstəqil, demokratik Azərbaycan Respublikası. Yaşasın, Azərbaycan xalqının sözünü  zamanında, yerində deməyi bacaran güclü lideri cənab Ali Baş Komandan İlham Heydər oğlu Əliyev !!!

Keçidlər