Suraxanı rayonu Heydər Əliyev Mərkəzində daha bir gözəl ənənənin təməli qoyuldu
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinin qeyd olunduğu günlərdə Suraxanı rayonunda yeni ailə quran gənclərin nikah mərasimlərinin Suraxanı rayonu Heydər Əliyev Mərkəzində təşkil olunması daha bir yeni ənənənin təşəkkül tapması faktı kimi önəmlidir.
Azərbaycan Respublikasının müstəqillik tarixi bir sıra mühüm dəyərlərlə yanaşı, yeni ənənələrin yaranması ilə də əlamətdardır. Hələ 2012-ci il aprel ayının 16-da Heydər Əliyev Mərkəzinin Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə birgə təşkil etdiyi “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı tədbir iki gənc arasında nikah mərasiminin bağlanması ilə təntənəli yekunlaşdırmışdı.
Bugünkü tədbir isə sonrakı nəslə örnək olacaq yeni bir prosesin başlanğıcı oldu. Yeni ailə həyatı qurmağa hazırlaşan gənclər və mərasim iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər, önünə tər güllər düzdülər.
Mərkəzdə keçirilən nikah mərasimində Rayon Qeydiyyat şöbəsinin əməkdaşı Gülnar Hüseynli mövcud qanunvericiliyə uyğun olaraq Güləliyev Həmid ilə Əhmədova Elviranın nikahlarını rəsmiləşdirdi və gənclərə nikah şəhadətnaməsini təqdim etdi. İştirakçıların alqış sədaları altında bəylə gəlin nişan üzüklərini dəyişdirdilər, çoxsaylı təbrikləri qəbul etdilər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova gənclərə məhz müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə Zərifə xanım Əliyeva kimi möhkəm təməlli və nümunəvi bir ailə qurmağı, bu müqəddəs ocağı ömürlərinin sonuna kimi qorumağı arzuladı.
Yeni ailəyə Suraxanı rayonu rəhbərliyinin adından qiymətli hədiyyə verildi. Sonra yeni ailə quran gənclər və onların yaxınları Mərkəzin Elektron lektoriya zalında Ulu Öndərin və Zərifə xanım Əliyevanın həyatından bəhs edən “Əsl məhəbbət haqqında” filmi seyr etdilər. Ailə xoşbəxtliyinə qovuşan gənclər Ulu Öndərin abidəsi önündə xatirə şəkilləri çəkdirdilər, sülh rəmzi olan ağ göyərçinləri havaya buraxdılar. Heydər Əliyev parkı ilə tanışlıqdan sonra “Gəncər bağı”nda yeni salımış “Sevən ürəklər” guşəsində sərv ağacı əkdilər.
Heydər Əliyev parkının Bayraq meydanında tədbir davam etdi. Burada gənclərin şəninə tort kəsildi, iştirakçılar şampan şərabına qonaq edildi və həzin musiqi sədaları altında rəqs kollektivinin çıxışları oldu.