Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçən şəhidlərimiz bizim fəxrimiz – qürur mənbəyimizdir.
“Suraxanı Gənclər Evi” Sosial Xidmət Müəssisənin
direktoru Natavan Rüstəmova:
Son günlərdə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mənfi əməllərindən heç cür əl çəkə bilməyən Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutmaqdadırlar.
Ermənistanda əhalinin hakimiyyətə qarşı olan etimadının itirməsi, ölkədə mövcüd olan ciddi sosial-iqtisadi problemlər, korrupsiya və rüşvətxorluq, koronavirusla (COVID-19) mübarizə sahəsində iflic vəziyyətdə olan səhiyyə sistemi, insan hüquq və azadlıqlarının boğulması, orduya olan inamsızlıq Nikol Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb.
Ölkənin belə bir vəziyyətində Ermənistan hakimiyyəti yerli və beynəlxalq ictimaiyyətin diqqətini ölkədəki mövcüd vəziyyətdən yayındırmaq üçün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində çirkin əməllərini bütün dünyaya nümayiş etdirməkdədir.
Əsrlər boyu Azərbaycana qarşı ərazi iddiaları, hərbi təcavüz və işğalçılıq əməlləri olan ermənilər bir çox terror hadisələri törətmişlər. Azğınlaşmış erməni silahlı bölmələri mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutmaqdadır.
Tovuz rayonu ərazisində yerləşən cəsur və güclü hərbi bölmələrimizin döyüşlər zamanı gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilir.
Təəssüf, eyni zamanda da qürur hissi ilə qeyd etmək istərdim ki, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə ölkəmizin ərazi bütövlüyünü qoruyub, mənfur düşmənin hücumunun qarşısını alarkən, ordumuzun hərbi qulluqçularından döyüş zamanı qəhrəmancasına şəhid olan və yaralananlar var.. Müdafiənin ön xəttində yer alan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə yüksəlmişlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçən şəhidlərimiz bizim fəxrimiz – qürur mənbəyimizdir.
Qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordu quruculuğu bu gün Cənab Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla davam etdirilməkdədir və beləliklə, Azərbaycan Ordusu hal-hazırda dünyanın ən güclü orduları sırasında yer almaqdadır.
Təsadüfi deyil ki, bu gün hər bir Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Xalq Ali Baş Komandanımıza güvənərək, onun yanında hər zaman sıx birləşmişdir. Xalqın bir yumruq kimi Prezidentinin yanında birləşməsi və hər an Ali Baş Komandandan döyüş əmri gözləməsi düşməni daha da təşvişə salır və səhv addımlar atmağa sövq edir.
Bəli, bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazır və qadirdir.
Suraxanı Gənclər Evinin kollektivi adından yaralı hərbçilərə Allahdan şəfa diləyirəm, şəhid olanların ailə üzvlərinə isə dərin hüznlə baş sağlığı verirəm. Allah rəhmət etsin!