Yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığının keşiyində dayandığının göstəricisidir.
Pandemiya elan olunduğu dövrdən Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldı və ilk atılan addımlardan biri səhiyyə infrastrukturunun yaxşılaşdırılması oldu. Yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığının keşiyində dayandığının göstəricisidir.
Bu gün Azərbaycan həm də koronavirusa yoluxan bütün xəstələrin tibb müəssisələrində müalicəsini təmin edən ölkə kimi də fərqlənir. Ölkəmizdə ölüm hallarının digər ölkələrlə müqayisədə qat-qat aşağı olmasının da əsas səbəbi yoluxmuş bütün xəstələrin tibbi müəssisələrə qəbul edilməsi və onlara lazımi xidmətin göstərilməsidir. Ümumiyyətlə, Azərbaycanın dünya ölkələri ilə müqayisədə nisbətən yaxşı vəziyyətdə olması məhz dövlət tərəfindən görülən səmərəli və qabaqlayıcı tədbirlərin nəticəsidir.
Qısa zaman kəsiyində modul tipli xəstəxanaların və hospitalın açılışı, ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaratmaqla yanaşı, koronavirusa yoluxan xəstələrin zamanında və daha düzgün şəraitdə müalicə alınması imkanı yaradır.
Hazırda koronavirus xəstələri 45 xəstəxanada müalicə alırlar. Onlardan 36-sı məhz Prezident İlham Əliyevin Sərəncamı əsasında son illərdə inşa edilib. Ölkəmizin səhiyyə sistemi koronavirus xəstələrinin müalicəsinə tam imkan yaradır. İnsanların sağlamlığının qorunması üçün bütün xəstəxanalarda lazımi şərait yaradılıb. Mübarizə tədbirlərinə başlananda Azərbaycanda cəmi altı laboratoriya var idisə, hazırda bu laboratoriyaların sayı 29-a çatıb. Prezident İlham Əliyevin son müsahibəsində söylədiyi kimi, 15 yeni laboratoriya sifariş edilib və ölkədə ümumilikdə laboratoriyaların sayı 44-ə çatacaq. Bütün bunlar hər birimizi sevindirir. Çünki yeni laboratoriyalar həm daha çox test aparmaq və vətəndaşlarımızın sağlamlığını daha da diqqətdə saxlamaq üçün vacibdir.
Ümumiyyətlə, ölkəmiz pandemiyadan öncə olduğu kimi, hazırda qlobal pandemiyanın tüğyan etdiyi dövrdə də seçilməyi, fərqlənməyi bacarır. Məhz bunun nəticəsidir ki, ölkəmizdə koronavirusla mübarizə tədbirləri, xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən məhdudlaşdırıcı tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı, eləcə də digər beynəlxalq qurum və ölkələrin rəhbərləri tərəfindən yüksək dəyərləndirilir. Bunu həm Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun dövlətimizin başçısına ünvanladığı məktublarında, həm də Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşlərinə videomüraciətində səsləndirdiyi fikirlərdə təsdiqləmək mümkündür. Azərbaycanın ilk gündən seçdiyi yolun düzgünlüyü dünya ictimaiyyəti tərəfindən təqdir olunur.
Hazırkı məqamda diqqət edəcəyimiz məqam biz vətəndaşların üzərinə düşür. Dövlətimizin insanların sağlamlığının təmin olunması istiqamətində atdığı addımların qarşılığında hər birimiz məsuliyyət hissini artırmalı, mövcud qanunlara və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalara əməl etməliyik. Əgər Azərbaycan dövləti lazım olan bütün tədbirləri həyata keçirirsə, həkimlərimiz sağamlığımızın keşiyində durursa, biz də bu diqqət və qayğıdan nəticə çıxarmalı, özümüzün, ətrafdakılarımızın, yaxınlarımızın, əzizlərimizin sağlamlığına çalışmalıyıq. Yalnız qaydalara əməl etməklə pandemiya bəlasından xilas olmaq mümkündür.
Suraxanı rayon sakini Nailə Məhərrəmova