Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Suraxanı Rayon İdarəsinin rəisi, polkovnik Qəşəm Mahmudov:"Ordumuz gündən-günə güclənir, qüdrətini artırır"
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Suraxanı Rayon İdarəsinin rəisi, polkovnik Qəşəm Mahmudov
Ordumuz gündən-günə güclənir, qüdrətini artırır. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dövləti, dövlətçiliyi inkişaf etdirən dəyərli və işıqlı gələcəyə ünvanlanan səmərəli islahatlara başlanıldı. Ordu quruculuğu istiqamətində böyük uğurlara gətirib çıxaran inamlı və qətiyyətli addımlar atıldı.
1993-cü il noyabr ayının 2-də Ulu Öndər radio və televiziya ilə çıxış edərək, ölkədə yaranmış vəziyyətlə bağlı Azərbaycan xalıqına müraciət etdi. Bu tarixi müraciətində Ümummilli Lider Azərbaycanın Vətən təəssübü çəkənləri dövlətçiliyin müdafiəsinə səslədi. Qısa müddət ərzində yüzlərlə, minlərlə vətənpərvər gənc ordu sıralarına axışdı. Onlar qısa müddət ərzində təlim keçərək torpaqlarımızın müdafiəsində dayandılar. Formalaşmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bir sıra bölgələrdə uğurlu döyüş əməliyyatları həyata keçirərək düşməni geri sıxışdırdılar. İşğalda olan neçə-neçə kənd və qəsəbələrimiz ermənilərdən azad olundu. Müharibədə nəzərəçarpacaq ciddi dönüş yarandı, zabit və əsgərlərin qələbə ovqatı, döyüş əzmi daha da artdı.
Hakimiyyətdə olduğu dövrlərdə dəfələrlə irimiqyaslı təlimlərdə iştirak edən Ulu Öndər ordumuzun hər bir zabitinin, əsgərinin döyüş vərdişlərinin artırılmasına xüsusi diqqət yetirirdi. Əbədiyaşar Ali Baş Komandan Heydər Əliyev deyirdi: «Bizim ordumuz, Silahlı Qüvvələrimiz torpaqlarımıza hücum edənlərin qarşısını almağa hər an, hər saat hazır və layiqli cavab verməyə qadir olmalıdır». Tarixi şəxsiyyətin böyük atalıq qayğısından ruhlanan hərbi hissə komandirləri, yüksək rütbəli zabitlər şəxsi heyətin döyüş ruhunu daha da artırmaq məqsədilə ciddi addımlar atdılar, əməli və zəruri işlər gördülər. Təlim və məşğələlərin hər dəqiqəsindən səmərəli istifadə edərək komandanlığın qarşılarına qoyduqları tapşırıqlara yüksək səviyyədə əməl etdilər. Qısa zaman ərzində Vətənin keşiyində ayıq-sayıq dayanan və düşməni məğlub etməyə qadir olan döyüşçülər hazırladılar.
Ulu öndər Heydər Əliyev dövlətimizin imicini beynəlxalq aləmdə yuksəltdikdən sonra Silahlı Qüvvələrimizin də dünya ölkələrinin ordularına inteqrasiya etməsinə şərait yarandı. Həyata keçirilən uğurlu islahatlar nəticəsində ordumuzun beynəlxalq əlaqələri qısa vaxt ərzində möhkəmləndi və sevindirici haldır ki, bu proses indi də sürətlə davam etməkdədir. Ümummilli liderimizin təşəbbüsü ilə Silahlı Qüvvələrimizin tərkibində yaranan və formalaşan sülhməramlı taborun şəxsi heyəti Kosovoda, Əfqanıstanda və İraqda sülhün qorunmasında fəal iştirak edib. Bu gün Azərbaycanın əsgər və zabitləri yenə də Əfqanıstan torpağında sülhyaratma əməliyyatlarında xidmətlərini uğurla davam etdirirlər.
Ümummilli liderimizin layiqli davamçısı möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında son illərdə ordu quruculuğunda da irimiqyaslı uğurlu islahatlar həyata keçirilir. Ordumuzun döyüş hazırlığının daha da artırılması məqsədilə Azərbaycan Prezideni, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi bütün əmr və tapşırıqlar Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır, yüksək səviyyədə icra olunur. Günü-gündən gücünü, qüdrətini artıran ordumuz torpaqlarımızı erməni işğalçılarından azad etməyə hər an hazır və qadirdir. Müntəzəm olaraq keçirilən təlimlər ordumuzun gücünü, qüdrətini, zabit və əsgərlərin döyüş hazırlığını, ustalıq dərəcəsini daim artırır. Bütün bunlar isə sabahkı böyük qələbələrimizdən, uğurlarımızdan xəbər verir.
Azərbaycanda ordu quruculuğu prosesi bu gün də dövlət səviyyəsində, dövlətin qayğısı ilə davam etməkdədir. Bu mühümdən-mühüm iş şəxsən Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və nəzarəti altında həyata keçirilir və gündən-günə orduya yeni-yeni uğurlar qazandırır. Dünyanın inkişaf etmiş ölkələrinin hərbi quruculuq təcrübəsi dərindən öyrənilir və müasir tələblərə cavab verən ordu yaratmaq istiqamətində səmərəli islahatlar uğurla davam etdirilir. Belə səmərəli islahatlar ordu quruculunun artan xətlə və sürətli inkişafına zəmin yaradır. Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub və yüksək hərbi nizam-intizamın saxlanılması və möhkəmləndirilməsi istiqamətində çox mühüm və zəruri tədbirlər həyata keçirilir. Demək olar ki, bütün dünya dövlətləri Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionun ən qüdrətli ordusuna malik olduğunu etiraf edir. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin gündən-günə yaxşılaşdırılması, müasir silahlarla təminatı istiqamətində aparılan müsbət nəticə verən islahatlar sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Ordu quruculuğu istiqamətində islahatlar daim davam etdirilir. Yeni-yeni hərbi hissələr və tədris mərkəzləri tikilib hərbçilərin xidməti istifadəsinə verilir. Yeni hərbi şəhərciklər salınır. Ordu üçün ən müasir silahlar alınır.
2016-cı ilin aprel döyüşləri və Naxçıvandakı uğurlu əməliyyatlar bir daha sübut etdi ki, ordu quruculuğu istiqamətində aparılan dövlət siyasəti Azərbaycan Ordusunun möhkəmlənməsinə və peşəkarlığının artırılmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev çıxışlarında və görüşlərində dəfələrlə vurğulayıb ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün və hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirərək, hər an öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad etməyə hazır olmalıyıq.
Hər bir xalqın xilaskar ordusu ilə öyünməyə, qürur duymağa mənəvi haqqı var. Xalqımız da öz doğma ordusu ilə öyünüb fəxr edr. Əminliklə qeyd etməliyik ki, zabit və əsgərlərimiz döyüşlərdə böyük hünər və rəşadət göstərərək, işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından azad edəcəklər.