Suraxanı rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılmışdır
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anadan olmasının 45 illiyi münasibəti ilə Suraxanı rayonunda silsilə tədbirlər keçirilmişdir. 24 aprel tarixində Albert Aqarunovun təhsil aldığı və hazırda adını daşıdığı 154 saylı tam orta məktəbin şagirdləri və müəllimləri “Şəhirlər xiyabanı”nda Albert Aqarunovun məzarını ziyarət etmiş və Azərbaycan Hərb Tarixi Muzeyində olmuşlar.
25 aprel tarixdə Albert Aqarunovun 154 saylı tam orta məktəbdə ucalan büstü rayon ictimaiyyətinin nümayəndələri, Albert Aqarunovun döyüş yoldaşları, qonaqlar, şagirdlər tərəfindən ziyarət edilmiş, büstü önünə tər güllər qoyulmuşdur. Məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya göstərilmiş, rayon məktəblərinin “Şahinlər” komandaları hərbi orkestrin sədaları altında nizamlı cərgə ilə büstün önündən keçmişlər.
Sonra isə Heydər Əliyev Mərkəzi, Suraxanı Rayon İcra Hakimiyyəti, Şuşa Rayon İcra Hakimiyyəti, Azərbaycan Hərb Tarixi Muzeyi, Dağ Yəhudiləri Dini İcması, Səbail tank batalyonunun birgə təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində tədbir davam etdirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş önünə tər güllər qoymuşlar.
Tədbirin əvvəlində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov haqqında qısa film nümayiş etdirildikdən sonra bir dəqiqəlik sükutla Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğullarımızın əziz xatirəsini yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakı şəhərində anadan olmuşdur. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılan Albert orduda tank komandiri olmuşdur. Daha sonra Vətənə qayıdaraq Suraxanı maşınqayırma zavodunda işləmişdir. Dağlıq Qarabağ müharibəsi başlayarkən A.Aqarunov könüllü olaraq cəbhəyə yollanmışdır.
O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdir. 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələn Albert döyüş meydanında şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 iyun tarixli Fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Rayon rəhbəri xüsusi vurğulamışdır ki, Suraxanı rayonunda Vətənin azadlığı uğrunda şəhid olanlara, onların ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir. Suraxanı rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş yerli proqramlardan biri də “Şəhid xatirə komplekslərinin əsaslı təmiri və yenilərinin tikintisi” adlanır. Həmin proqrama əsasən ötən dövrdə 13 ünvanda 27 şəhidin xatirəsini ədəbiləşdirən xatirə kompleksləri əsaslı təmir olunmuş və yeniləri tikilmişdir. Bu gün anım gününə toplaşdığımız Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsi və ətrafı da həmin proqrama əsasən abadlaşdırılmış və yenidən qurulmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun həyat yolu hər bir gənc üçün örnəkdir. Albert Aqarunovun əziz xatirəsi həmişə Azərbaycanı sevən insanların qəlbində yaşayacaqdır.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi Rüfət Əmirov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Milli Məclisin deputatı Yevda Abramov, Azərbaycan Hərb Tarixi Muzeyinin rəis müavini Lalə Hüseynova, Semyon İxilov, Səbail tank taburunun sabiq komandiri Hacı Əzimov, Milli Qəhrəmanın cəbhə yoldaşları çıxış etmiş, Albert Aqarunovun qəhrəmanlığından danışmış, onun əziz xatirəsinin hər bir insanın qəlbində yaşayacağını, qəhrəmanlığının hər bir gənc üçün örnək olduğunu xüsusi qeyd etmişlər.
Tədbirdə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz iştirak etmişdir.