Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin tibbi müayinəsi Suraxanı rayonunda yaxşı təşkil olunub

25 aprel 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi əsasında ölkəmizdə həyata keçirilən əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda da uğurla davam edir.
Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün rayonda bütün zəruri tədbirlər görülmüşdür. Bu məqsədlə Rayon İcra Hakimiyyətində komissiya yaradılmış, rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayınədən keçmə qrafiki tərtib olunmuşdur.
Rayon əhalisinin tibbi müayinəsi (dispanserizasiyası)  4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada aparılır. Tibbi müayinədən Suraxanı rayon  əhalisinin (209312 nəfər) və  eyni zamanda rayonda məskunlaşmış məcburi köçkünlərin (20125 nəfər) keçirilməsi nəzərdə tutulmuşdur. Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri əhali arasında planlı formada maarifləndirici tədbirlər aparırlar. Görülən işlərin nəticəsidir ki, rayon əhalisinin tibbi müayinəsi (dispanserizasiyası) uğurla davam edir,  hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində tibbi müayinədən keçirilir.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə 24 aprel  2014-cu il tarixədək Suraxanı rayonunda  160 minə yaxın vətəndaş və 123-dən çox kollektiv tibbi müayinədən keçib. Tibbi müayinədən keçən vətəndaşların 10520 nəfəri rentgen, 39983 nəfəri laboratoriya müayinəsindən, 6475 nəfəri USM aparatından və 4414 nəfəri EKQ müayinəsindən keçmişdir.  3801 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanmış,  391 nəfər stasionar müalicəyə qəbul olunmuşdur.
24 nömrəli Birləşmiş  Şəhər Xəstəxanasının baş həkimi Azər Məmmədov bildirdi ki,  Xəstəxana  “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqranı”nın  icrası nəticəsində  2013-cü  ildə  əsaslı  təmir olunmuş və müasir avadanlıqlarla təchiz edilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığını yerinə yetirmək üçün xəstəxana tam hazır vəziyyətə gətirilmişdir. Xəstəxananın poliklinika şöbəsi  38021 nəfər böyük əhaliyə və 12234 uşağa xidmət edir. Xəstəxanaya gələn vətəndaşlar ümumi və biokimyəvi, rentgen, ultrasəs və digər müayinələrdən keçirlər. 24 aprel  2014-cü il tarixədək 29945 nəfər vətəndaş tibbi müayinədən keçib. Onlardan 2550 nəfəri rentgen, 12852 nəfəri laboratoriya müayinəsindən, 1713 nəfəri USM aparatından və 866 nəfəri EKQ müayinəsindən keçib. Tibbi müayinə zamanı xəstəliklər aşkar edilmiş 655 nəfər ambulator, 74 nəfər stasionar müalicəyə cəlb olunmuşdur. Eyni zamanda müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər.
Aparılan araşdırmalar deməyə əsas verir ki, tibbi müayinədən rayon əhalisi çox razıdır. Qaraçuxur  qəsəbəsi, Yeni Günəşli “AB” yaşayış sahəsinin  sakini İsmayılova Gülnaz Məmiş qızı 24 nömrəli BŞX-nin  tibbi  heyyətindən, burada yaradılan şəraitdən razılığını bildirərək qeyd etmişdir ki, bu tədbirin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan vətəndaşlarına göstərdiyi diqqət və qayğının nəticəsidir. Tibbi müayinədən və yaradılan şəraitdən razılıq edən Qaraçuxur  qəsəbəsi, Yeni Günəşli  “AB” yaşayış sahəsinin   sakini  Zeynalova Sədaqət Zeynal qızı bildirmişdir ki, həkimlər digər sakinlər kimi, onu da hərtərəfli müayinə etmişlər. Sədaqət Zeynalova onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Keçidlər