1 Oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü Suraxanı rayonunda qeyd olunub
01 oktyabr 2022 | 15:35
İlk öncə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədrinin səlahiyyətlərini icra edən Rasim Kazımov, eləcə də rayon Prokurorluğunun əməkdaşları, RİHB-nin müavinləri və şöbə müdirləri ümummilli lider Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Suraxanı Rayon Prokurorluğunun inzibati binasında baş tutan tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun prokurorluq işçilərini peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaranmasının 104-cü ildönümü münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb. O, bildirmişdir ki, bu il prokurorluq işçiləri peşə bayramlarını əlamətdar bir dövrdə-Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsindəki Zəfərinin ikinci ildönümü ərəfəsində qeyd edirlər. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi hüquqi dövlət quruculuğu və strateji inkişaf konsepsiyasına uyğun olaraq Prezident cənab İlham Əliyev tərəfindən inamla həyata keçirilən ardıcıl və sistemli islahatlar, idarəetmə mexanizminin mütəmadi olaraq təkmilləşdirilməsi ilə müşayiət olunan müdrik və səmərəli dövlət idarəçiliyi, təhlükəsizliyin və sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsinə, onun davamlı və dayanıqlı inkişafının təmin olunmasına, dövlətimizin qüdrətinin artmasına, xalqımızın əmin-amanlığının və rifah halının, vətəndaş həmrəyliyinin yüksəlməsinə zəmin yaradıb.
Tədbirdə Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov və Rayon Məhkəməsinin sədrinin səlahiyyətlərini icra edən Rasim Kazımov Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Rayon Prokurorluğunun əməkdaşlarını təbrik edərək dövlətimizin tərəqqisi naminə onların gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulamış və bildirmişlər ki, prokurorluq işçiləri qanunun aliliyinin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov respublika prokurorluq orqanlarının cəmiyyətimizdəki rolu, bu orqanın tarixi keçmişi və müstəqillik illərində gördüyü işlər barədə tədbir iştirakçıları qarşısında məruzə edib. O, çıxışında dövlət başçısı cənab İlham Əliyev tərəfindən prokurorluq işçilərinə göstərilən qayğını minnətdarlıqla qeyd edib, bu yüksək diqqətin dövlətçiliyə xidmətdə onlar üçün güclü stimul olduğunu xüsusi vurğulayıb. Bildirilib ki, Suraxanı rayon prokurorluğunun işçiləri rayonda qanunçuluğun bərqərar olunmasında, qanunun aliliyinin qorunmasında, əhali arasında hüquqi təbliğatın aparmasında mütəmadi tədbirlər həyata keçirirlər.
Tədbirin sonunda Rayon Prokurorluğunun bir qrup əməkdaşı Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif olunub.