1-ci Qarabağ müharibəsində Daşaltı əməliyyatında itkin düşən və hazırda nəşinin qalıqları tapılan şəhid Mustafayev Sabir İslam oğlu Əmircan qəsəbəsi Şəhidlər Xiyabanında dəfn olub
15 may 2024 | 17:34
Dəfn mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət Həsənova, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, qazilər, rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub. Onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı RİH başçısı Əziz Əzizov tərəfindən şəhidin qardaşı oğlu Elşad Mustafayevə təqdim edilib.
Qeyd edək ki, Sabir Mustafayev 1963-cü il martın 16-da Bakı şəhəri, Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. 1991-ci ildə Şıxov taborunun tərkibində Vətənin müdafiəsi üçün hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Sabir Mustafayev 1992-ci il yanvarın 26-da şəhid olub. O, Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdü.