İcra Hakimiyyəti
İcra hakimiyyətinin başçısı
Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1992–1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib.
1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. 2010-cu ildə BDU-nun aspiranturasını bitirib və 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
1994–2005-ci illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
2005-ci ildən 20 saylı Nərimanov II seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisi III, IV, V və VI çağırış deputatı seçilmişdir. Milli Məclisin xarici ölkələrin parlamentləri ilə işçi qrupunun sədri və üzvü olub.
10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri seçilib.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB-nin Parlamentlərarası Assambleyasında nümayəndə heyətinin üzvüdür. Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının və Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının üzvü olub.
Azərbaycan Prezidenti tərəfindən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı və “İgidliyə görə” medalı ilə təltif olunub.
Ehtiyatda olan polkovnik hərbi rütbəsində olan Adil Əliyev, 2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti, hazırda isə “Fəxri Prezidenti”dir.
8 iyul 2024-cü ildə Adil Əliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinin başçısı təyin edilmişdir
Rus və ingilis dillərini bilir. Ailəlidir, üç övladı var.