Suraxanıda “Ailə-Karyera balansının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib
26 noyabr 2026 | 10:13
Suraxanıda “Ailə-Karyera balansının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib
Noyabrın 24-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Qaraçuxur Bələdiyyəsində yaradılmış “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiya”nın və 279 №-li tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Ailə-Karyera balansının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Suraxanı RİHB-i yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun üzvləri, Qaraçuxur bələdiyyəsinin və Rayon Polis İdarəsinin nümayəndələri, məktəbin direktoru, müəllim və şagird heyyəti iştirak ediblər.
Tədbirin əsas məqsədi milli-mənəvi və ailə dəyərlərinin qorunması, ailə institutunun möhkəmləndirilməsi, cəmiyyətdə sosial həmrəyliyin təşviqi, sağlam ailə münasibətlərinin formalaşdırılması, eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində maarifləndirmə işinin gücləndirilməsi olub.
Tədbirdə çıxış edən məktəbin direktoru Südabə Abdullayeva, RİHB-i yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Asəf Əmrahov, Qaraçuxur Bələdiyyəsinin sədri İxdiyar Nəcəfov, məktəbin psixoloqu Aynurə Babayeva, Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Əfqan Ağayev ailə və karyera arasında balansın qorunmasının əhəmiyyətindən, ailədaxili münasibətlərin qarşılıqlı hörmət və anlaşma prinsipləri əsasında qurulmasından, ailə üzvləri arasında məsuliyyətin düzgün bölüşdürülməsindən danışıblar.
Mövzu ilə bağlı məktəbin şagirdlərinin təqdimatında səhnəcik nümayiş olunub.






