Suraxanıda “26 İyun - Silahlı Qüvvələr günü” qeyd edildi
25 iyun 2025 | 14:00
İyunun 25-də Zığ qəsəbəsi, N saylı hərbi hissədə “26 İyun - Silahlı Qüvvələr günü” münasibətilə tədbir keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, N saylı hərbi hissənin Qərargah rəisi polkovnik-leytenant Ruslan Məmmədov, RİHB-nin birinci müavini Rəşad Hacıyev və şöbə müdirləri iştirak ediblər.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev bütün hərbiçiləri 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edib, ölkəmizin müdafiə qüdrətinin artırılması naminə müqəddəs və şərəfli xidmətlərində onlara uğurlar diləyib. Azərbaycan silahlı qüvvələrinin yaranma tarixindən, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərindən, son illərdə ordu quruculuğu sahəsində görülən işlərdən, o cümlədən Vətən müharibəsində qazandığımız Şanlı Zəfərdən bəhs edən RİH başçısı bildirib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olundu, haqq, ədalət öz yerini tapdı.
N saylı hərbi hissənin Qərargah rəisi polkovnik-leytenant Ruslan Məmmədov da çıxışında qeyd edib ki, ən müasir hərbi texnika ilə təchiz olunan müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya öz gücünü nümayiş etdirib və Azərbaycanın ərazi bütövlüyünü bərpa edib.
Sonda bir qrup hərbi qulluqçu “26 İyun - Silahlı Qüvvələr günü” münasibətilə Rayon İcra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.






