Suraxanı rayonunda yerləşən Abil Səfərov adına 114 nömrəli tam orta ümumtəhsil məktəbinin yaradılmasının 60 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
20 noyabr 2026 | 09:53
Suraxanı rayonunda yerləşən Abil Səfərov adına 114 nömrəli tam orta ümumtəhsil məktəbinin yaradılmasının 60 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Yubiley mərasimində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin sektor müdiri Sevinc Ağayeva və digər fəxri qonaqlar, təhsil ictimaiyyətinin təmsilçiləri, məktəbin pedaqoji kollektivi, məzunlar və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin sektor müdiri Sevinc Ağayeva və digər qonaqlar məktəbin kollektivini 60 illik yubiley münasibətilə təbrik edib, təhsil ocağının keçdiyi şərəfli inkişaf yolundan, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından və bu məktəbin yetişdirdiyi dəyərli məzunların cəmiyyətdəki rolundan bəhs ediblər.
Məktəbin 60 illik yubileyi münasibətilə təhsilin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə və vətənpərvər ruhda yetişdirilməsinə verdiyi töhfələrə görə məktəb kollektivi Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən təltif olunub. Həmçinin, tədbir çərçivəsində uzun illər səmərəli pedaqoji fəaliyyəti ilə fərqlənən bir qrup müəllimə fəxri fərman və təşəkkürnamələr təqdim olunub.
Yubiley mərasimi şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya və rəngarəng musiqi nömrələri ilə davam edib.






