Suraxanı rayonunda cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun dəstəklənməsi istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir
Suraxanı rayonunda cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun dəstəklənməsi istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq etdiyi “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”na uyğun olaraq Suraxanı rayonu ərazisində cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun dəstəklənməsi və əmək bazarına inteqrasiyasının təşviqi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Bu çərçivədə aidiyyəti dövlət qurumları ilə birgə maarifləndirmə görüşləri təşkil olunur, aktiv məşğulluq tədbirləri, peşə hazırlığı kursları, özünüməşğulluq proqramları və mövcud dəstək mexanizmləri barədə məlumatlandırma aparılır. Eyni zamanda, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə qəbul edən işəgötürənlərin müsbət təcrübələri öyrənilir və ictimaiyyətə təqdim olunur.
İşəgötürənlər tərəfindən bildirilir ki, işə qəbul zamanı əsas meyar namizədin peşə bacarığı, məsuliyyət hissi və işləmək istəyidir. Təcrübə göstərir ki, yaradılan imkanlar özünü doğruldur, işə qəbul edilən şəxslər qısa müddətdə kollektivə uyğunlaşaraq intizamlı və məsuliyyətli əməkdaş kimi fəaliyyət göstərirlər. Bu yanaşma həm müəssisələrin ixtisaslı işçi qüvvəsinə olan tələbatının ödənilməsinə, həm də həmin şəxslərin cəmiyyətə uğurlu reinteqrasiyasına töhfə verir.
İşlə təmin olunmuş şəxslər də qeyd edirlər ki, daimi məşğulluq onların həyatında yeni mərhələnin başlanğıcı olmuş, özünəinamlarının artmasına, ailələrinin sosial rifahının yaxşılaşmasına və cəmiyyətə faydalı üzv kimi fəaliyyət göstərmələrinə şərait yaratmışdır. Onlara göstərilən etimad gələcəyə daha böyük ümidlə baxmalarına və sosial həyata daha fəal inteqrasiya olmalarına müsbət təsir göstərmişdir.
Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun dəstəklənməsi onların sosial adaptasiyasının gücləndirilməsi, əmək bazarına uğurlu inteqrasiyası və təkrar hüquqpozma riskinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.






