Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA-2 yaşayış kompleksində 354 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib
23 noyabr 2026 | 10:00
Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA-2 yaşayış kompleksində 354 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib
Bağçanın açılış tədbirində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbəqədər təhsilin təşkili sektorunun müdir səlahiyyətlərini müvəqqəti icra edən Rəna Aslanova, Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Kənan Hüseynov, Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sevinc Ağayeva, MİDA-2 saylı Regional Sektorun müdiri Arif Vəliyev, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti, 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Təranə Aslanova, tərbiyəçi-müəllimlər və valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edən BŞTİ-nin Məktəbəqədər təhsilin təşkili sektorunun müdir səlahiyyətlərini müvəqqəti icra edən Rəna Aslanova uşaq bağçasının fəaliyyətinə uğurlar arzulayıb və ökəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Azərbaycanda məktəbəqədər təhsilin davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsi olduğunu deyən R.Aslanova məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirildiyini nəzərə çatdırıb.
Suraxanı Rayon İcra Hakimiyyətinin sektor müdiri Sevinc Ağayeva çıxış edərək Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və xüsusi qayğısı sayəsində məktəbəqədər təhsil müəssisələrinin təmir-tikinti işlərinin davamlı olaraq həyata keçirilməsinin ümumilikdə, uşaqların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini söyləyib.
Tədbirdə çıxış edən BŞTİ-nin Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Kənan Hüseynov paytaxtda uşaq bağçalarının yüksək tələblər səviyyəsində qurulması istiqamətində görülən işlərə diqqət çəkib və məktəbəqədər təhsil müəssisələrinin inşası sahəsindəki fəaliyyətin daha da genişləndirildiyini bildirib.
MİDA-2 saylı Regional Sektorun müdiri Arif Vəliyev çıxış edərək yeni istifadəyə verilən 354 nömrəli körpələr evi-uşaq bağçasının müasir standartlara uyğun inşa olunduğunu və uşaqların hərtərəfli inkişafı üçün lazımi şəraitlə təmin edildiyini bildirib. O, məktəbəqədər təhsil müəssisələrində yaradılan müasir infrastrukturun təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə 3 və 8 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri tərəfindən mahnı və rəqslər nümayiş etdirilib.
Qeyd edək ki, yeni istifadəyə verilən 354 nömrəli körpələr evi-uşaq bağçası 230 yerlikdir. Uşaq bağçasında uşaqların təlim-tərbiyəsi ilə 11 pedaqoji işçi məşğul olur.






