Suraxanı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yeni Suraxanı bələdiyyəsində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiyası”nın və 316 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Sosial fobiya,sosial asılılıq,onlayn risklər" mövzusunda maarifləndirici tədbir keçirilib
14 may 2026 | 14:07
Suraxanı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yeni Suraxanı bələdiyyəsində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiyası”nın və 316 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Sosial fobiya,sosial asılılıq,onlayn risklər" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi şagirdlərin sosial fobiya, sosial asılılıq və onlayn risklərin yaratdığı təhlükələr barədə məlumatlandırmaq, sağlam ünsiyyət bacarıqlarını inkişaf etdirmək, sosial şəbəkələrdən düzgün qaydada istifadə qaydalarını aşılamaq, onların psixoloji sağlamlığını qorumaq və təhlükəsiz davranış vərdişləri formalaşdırmaqdır.
Tədbir Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad olunması, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən 316 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Yasin Quliyev tədbirin əhəmiyyətindən danışaraq bildirdi ki, müasir dövrdə rəqəmsal platformalar geniş imkanlar yaratsa da düzgün istifadə olunmadıqda şagirdlər arasında sosial asılılıq, ünsiyyətdən uzaqlaşma, özünəinamın azalması və sosial fobiya halları yarada bilir.
Daha sonra tədbir mövzusuna həsr olunmuş məktəbin müəllimlərinin və şagirdlərinin ərsəyə gətirdiyi "İki yol" adlı maarifləndirici videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sevinc Ağayeva şagirdlərin sosial fobiya, sosial asılılığı və onlayn risklərinin qarşısının alınması ilə bağlı təşkil olunmuş tədbirin əhəmiyyətini vurğulayıb.
Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı Bələdiyyəsinin sədri Həqiqət Məmmədova çıxışında sosial şəbəkələrdən düzgün istifadə olunmadığı hallarda şagirdlərin ailə və cəmiyyətdə sağlam ünsiyyət yaratmaqda çətinlik çəkdiklərini qeyd edib.
Tədbirdə iştirak edən Şəhid Səfərov Cəsarət Xaliq oğlunun anası Nuriyə xanım və Şəhid Şahbazov Elnur Qədir oğlunun anası Tərifə xanım çıxış edərək bildirdilər ki, vətən üçün böyüdülən hər bir övlad xalqın gələcəyidir. Övladlarımızı sağlam düşüncəli, savadlı və təhlükəsiz mühitdə böyüməsi hər birimizin arzusudur.
Suraxanı Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Əfqan Ağayev isə çıxışında internet təhlükəsizliyi, kibercinayətkarlıqdan qorunma və yeniyetmələrin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Məktəbin müəllimi Vüsal Babayev də çıxış edərək sosial şəbəkələrin mənfi təsirindən danışaraq valideyn nəzarətinin və düzgün yönləndirmənin vacibliyini diqqətə çatdırıb.
Məktəblilərin təqdimatında “Virtual dustaq” adlı səhnəcik iştirakçılar tərəfindən maraqla qarşılanıb. Səhnəcikdə sosial şəbəkə asılılığı nəticəsində bir gəncin necə dəyişdiyini, ailəsindən, dostlarından və ən əsas öz həyatından necə uzaq düşdüyü, sosial şəbəkələrin təsiri altında qalması tamaşaçılara çatdırılıb.






