Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya ilə “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzi arasında əməkdaşlıq görüşü keçirilib
03 iyul 2026 | 09:27
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya ilə “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzi arasında əməkdaşlıq görüşü keçirilib
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri Könül Axundova, məsul katibi Asəf Əmrahov, komissiyanın psixoloqu Vəfa Qüdrətli və komissiyanın üzvü Nuranə Yəhyayeva Buzovna qəsəbəsində yerləşən “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər.
Ziyarət zamanı mərkəzin rəhbəri Kəmalə Aşumova ilə görüş keçirilib. Görüşdə müəssisənin fəaliyyəti, həssas həyat şəraitində olan uşaqlara göstərilən sosial, psixoloji və reabilitasiya xidmətləri, uşaqların müdafiəsi və cəmiyyətə reinteqrasiyası istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Komissiya üzvləri mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olaraq, göstərilən xidmətləri yüksək qiymətləndiriblər.
“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunaraq müasir standartlara uyğun şəkildə istifadəyə verilib. Bu gün mərkəz çətin həyat şəraitində olan uşaqlara təhlükəsiz mühit, sosial, psixoloji və reabilitasiya xidmətləri təqdim etməklə onların sağlam inkişafına, hüquqlarının qorunmasına və cəmiyyətə uğurlu inteqrasiyasına mühüm töhfə verir.
Görüş zamanı uşaqların hüquqlarının müdafiəsi sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, birgə maarifləndirici tədbirlərin və sosial layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər gələcəkdə bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.






