Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü noyabrın 4-də Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsində 278 saylı tam orta ümumtəhsil məktəbində keçirilib
04 noyabr 2026 | 10:09
Suraxanıda vətəndaşlarla növbəti səyyar qəbul keçirilib
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü noyabrın 4-də Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsində 278 saylı tam orta ümumtəhsil məktəbində keçirilib.
Səyyar görüşdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı A.Əliyev çıxışında regionda baş verən proseslər fonunda Azərbaycanın mövqeyi, ölkəmizin siyasi, iqtisadi və hərbi gücü, milli maraqlarımızın qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə sakinlərə geniş məlumat verib. Azərbaycanın üzləşdiyi təxribatlardan və onlara qarşı atılan addımlardan danışan İcra başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasətin ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsində rolunu vurğulayıb, dövlət başçısının beynəlxalq nüfuzundan və Azərbaycanın etibarlı tərəfdaş kimi artan əhəmiyyətindən bəhs edib.
Görüşdə ölkədə həyata keçirilən sosial-iqtisadi proqramlar, regionların inkişafı, əhalinin rifahının yüksəldilməsi, məşğulluğun artırılması və infrastrukturun yenilənməsi istiqamətində görülən işlərə də toxunulub. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, reallaşdırılan infrastruktur layihələri, yeni yaşayış məntəqələrinin salınması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Səyyar görüşdə sakinlərin səsləndirdikləri istək və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq onların həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.






