Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin sakinlərlə növbəti səyyar görüşü Əmircan qəsəbəsində baş tutub
15 aprel 2026 | 10:21
Suraxanıda vətəndaşlarla növbəti səyyar qəbul-görüş keçirilib
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin sakinlərlə növbəti səyyar görüşü Əmircan qəsəbəsində baş tutub. Qəsəbədə yerləşən 154 saylı tam orta ümumtəhsil məktəbində təşkil olunan qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, habelə dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Vətəndaşları fərdi qaydada dinləyən RİH başçısı Adil Əliyev qaldırılan hər bir problemin qeydiyyata alındığını və həlli istiqamətində mərhələli şəkildə zəruri addımların atılacağını bildirib.
Çıxışında Adil Əliyev müasir dünyada baş verən mürəkkəb siyasi proseslərə diqqət çəkərək, regionda və dünyada münaqişələrin alovlandığı bir dövrdə Azərbaycanda hökm sürən sabitliyin müstəsna əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və müstəqil xarici siyasət, habelə milli maraqlara söykənən prinsipial mövqeyi ölkəmizin təhlükəsizliyinin və inkişafının əsas təminatıdır. A.Əliyev vurğulayıb ki, məhz bu uzaqgörən siyasət sayəsində Azərbaycan bu gün beynəlxalq arenada öz sözünü deyən güclü bir dövlətə çevrilib və daxili sabitliyimiz xalqımızın ən böyük sərvətidir.
Görüşün sonunda sakinlər göstərilən diqqətə və müraciətlərinə qarşı nümayiş etdirilən həssas münasibətə görə öz minnətdarlıqlarını ifadə ediblər.






