Suraxanı Rayon İcra Hakimiyyətində sahibkarlar və investorlarla görüş keçirilib
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarından irəli gələn vəzifələrin icrası, qeyri-neft/qaz sektoruna investisiyaların cəlb edilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlıq subyektlərinin qarşılaşdıqları problemlərin operativ həlli məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlar və investorlarla mütəmadi görüşlər keçirilir.
2025–2026-cı illər ərzində keçirilən görüşlər dövlət–biznes əməkdaşlığının daha da gücləndirilməsi, sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, investisiya təşəbbüslərinin təşviqi və biznes mühitinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Bu görüşlər çərçivəsində sahibkarların təklifləri dinlənilmiş, onların fəaliyyətində yaranan çətinliklərin aradan qaldırılması və dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə imkanları müzakirə olunmuşdur.
Növbəti görüş zamanı rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilmiş, onların fəaliyyəti, mövcud imkanları, qarşılaşdıqları çətinliklər və təklifləri dinlənilmişdir.
Görüşdə sahibkarların biznes fəaliyyətinin genişləndirilməsi, investisiya imkanlarının artırılması, inzibati məsələlərin həlli, dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsi və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması ilə bağlı məsələlər müzakirə edilmişdir.
Çıxış edən sahibkarlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alınmış, həlli Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq tədbirlərin görülməsi, digər məsələlərin isə aidiyyəti dövlət qurumları qarşısında qaldırılması təmin ediləcəkdir.
Görüş çərçivəsində sahibkarların təklif və təşəbbüslərinə baxılmış, qarşılıqlı fikir mübadiləsi aparılmış və dövlət–biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr keçirilmişdir.
Görüş iştirakçıları sahibkarlığın inkişafı üzrə həyata keçirilən dövlət dəstəyi tədbirlərini yüksək qiymətləndirmiş, investisiya mühitinin daha da yaxşılaşdırılması, yeni biznes təşəbbüslərinin təşviqi və dövlət qurumları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində təkliflərini səsləndirmişlər. Qaldırılan məsələlərin icrası nəzarətə götürülmüş və onların operativ həlli istiqamətində aidiyyəti qurumlarla birgə tədbirlərin davam etdirilməsi qərara alınmışdır.
Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən sahibkarlar və investorlarla bu cür görüşlərin mütəmadi keçirilməsi, biznes subyektlərinin fəaliyyətinə mane olan amillərin müəyyən edilərək aradan qaldırılması və əlverişli investisiya mühitinin formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir.






