Suraxanı Rayon İcra Hakimiyyətində 27 Sentyabr – Anım Günü ilə əlaqədar dəyirmi masa təşkil olunub Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər
25 sentyabr 2026 | 10:09
Suraxanı Rayon İcra Hakimiyyətində 27 Sentyabr – Anım Günü ilə əlaqədar dəyirmi masa təşkil olunub
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Vətən müharibəsində xalqımızın və Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaətdən, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının milli yaddaşında dərin iz buraxan, qəhrəmanlıq, Vətənə sonsuz sevgi və sədaqət rəmzinə çevrilən əlamətdar tarix olduğunu bildirib. Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm səhifələrindən biridir. Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın sarsılmaz birlik və həmrəyliyi nəticəsində uzun illər işğal altında qalmış torpaqlarımız azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
Rayon İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, qazanılan tarixi nailiyyətlərin təməlində Vətən uğrunda canından keçən şəhidlərimizin misilsiz qəhrəmanlığı və fədakarlığı dayanır. Şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması, onların şərəfli həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.
Çıxışda, həmçinin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının bundan sonra da daim diqqət mərkəzində saxlanılacağı qeyd edilib.






