Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən sahibkarlıq subyektləri və investorlarla dövlət–biznes dialoqu çərçivəsində mütəmadi görüşlər təşkil olunur
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn vəzifələrin icrası məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən biznes mühitinin yaxşılaşdırılması, investorların və sahibkarların qarşılaşdıqları məsələlərin operativ həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
2025–2026-cı illər ərzində də dövlət–biznes dialoqunun genişləndirilməsi, sahibkarların müraciətlərinə operativ baxılması, investisiya təşəbbüslərinin dəstəklənməsi, biznes subyektlərinin fəaliyyətinin stimullaşdırılması və rayonun investisiya cəlbediciliyinin artırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilmişdir. Bu dövrdə sahibkarlarla keçirilən görüşlərdə istehsal, xidmət, ticarət və digər sahələrdə fəaliyyət göstərən biznes nümayəndələrinin təklifləri dinlənilmiş, dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verilmişdir.
Görüşlər zamanı rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyəti, mövcud problemləri, təklifləri, investisiya imkanları və biznes fəaliyyətinin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunur.
Sahibkarlar tərəfindən qaldırılan məsələlər Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində araşdırılır, həlli mümkün olan məsələlər üzrə zəruri tədbirlər görülür, aidiyyəti dövlət qurumlarının səlahiyyətlərinə aid məsələlər isə müvafiq qurumlar qarşısında qaldırılır.
Bununla yanaşı, Suraxanı Rayon İcra Hakimiyyəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq çərçivəsində sahibkarlarla görüşlər keçirir. Görüşlərdə sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, investisiya imkanlarının artırılması və biznes fəaliyyətinə mane olan amillərin aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılır.
Dövlət–biznes dialoqu çərçivəsində həyata keçirilən görüşlərin əsas məqsədi sahibkarların və investorların müraciətlərinin öyrənilməsi, onların qarşılaşdıqları çətinliklərin müəyyən edilməsi, həlli istiqamətində tədbirlərin görülməsi və əlverişli biznes mühitinin formalaşdırılmasıdır.
2026-cı ildə də sahibkarlığın inkişafı, yeni investisiya layihələrinin təşviqi, özəl sektorun iqtisadi fəallığının artırılması və dövlət–özəl tərəfdaşlığının gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, sahibkarların müraciətlərinin operativ həlli və əlverişli biznes mühitinin daha da təkmilləşdirilməsi əsas prioritet istiqamətlərdən biri olaraq müəyyən edilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən dövlət–biznes əməkdaşlığının inkişaf etdirilməsi, sahibkarların fəaliyyətinin dəstəklənməsi və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.






