Sentyabrın 29-da Suraxanı Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov və Aparat rəhbəri Ramin Həsənli, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, rayon ağsaqqalları iştirak ediblər
29 sentyabr 2026 | 12:27
Suraxanı Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib
Sentyabrın 29-da Suraxanı Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov və Aparat rəhbəri Ramin Həsənli, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, rayon ağsaqqalları iştirak ediblər.
Konfrans iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərdən, dövlətimizin artan qüdrətindən, ərazi bütövlüyü və suverenliyimizin tam bərpa olunmasından danışıb. A.Əliyev bildirib ki, dövlət başçısının milli-mənəvi dəyərlərimizin qorunmasına, ağsaqqallara göstərdiyi yüksək diqqət və ehtiram cəmiyyətimizdə ağsaqqallıq institutunun nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
RİH başçısı Suraxanı Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirərək Şuranın rayonun ictimai həyatında fəal iştirak etdiyini, milli-mənəvi dəyərlərin təbliğində, gənclərin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsində, nəsillərarası mənəvi bağlılığın möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb və ağsaqqallara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev çıxışında Şuranın fəaliyyəti, rayonun ictimai həyatında ağsaqqalların iştirakı, hesabat dövründə həyata keçirilmiş tədbirlər və görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov çıxışında ölkəmizdə ağsaqqallıq ənənələrinin qorunub yaşadılmasının, bu zəngin mənəvi irsin gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıb. O, Azərbaycan Ağsaqqallar Şurasının respublikanın ictimai həyatında fəal iştirakından, yerli şuraların fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Eldar İbrahimov Suraxanı rayon ağsaqqallarının fəaliyyətinə də toxunaraq onların ictimai təşəbbüslərdə, gənclərlə işdə və milli-mənəvi dəyərlərin təbliğində fəallığının əhəmiyyətini qeyd edib, Şuranın bundan sonra da rayonun ictimai həyatına layiqli töhfələr verəcəyinə əminliyini bildirib.
Sonra 11 nəfərdən ibarət İdarə Heyəti seçilib, həmçinin Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşdirilib.
Konfransın sonunda iştirakçılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ölkəmizin davamlı inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, eləcə də ağsaqqallara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.






