Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Yeni Suraxanı qəsəbəsində aparılan əsaslı yenidənqurma işləri ilə yerində tanış olub
19 iyun 2026 | 12:13
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Yeni Suraxanı qəsəbəsində aparılan əsaslı yenidənqurma işləri ilə yerində tanış olub
Ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planından irəli gələn vəzifələrin icrası çərçivəsində Suraxanı rayonunda bir sıra kompleks abadlıq, yenidənqurma və ətraf mühitin yaxşılaşdırılması tədbirləri həyata keçirilir.
Hazırda Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsinin 1500 metr uzunluğunda olan hissəsində genişmiqyaslı abadlıq və təmir işləri aparılır.
Sözügedən küçə boyunca yerləşən qeyri-yaşayış təyinatlı obyektlərin xarici görünüşünün müasir şəhərsalma tələblərinə uyğunlaşdırılması təmin edilir. Bu məqsədlə obyektlərin fasad hissələri əsaslı şəkildə yenilənir, köhnəlmiş və estetik baxımdan yararsız vəziyyətə düşmüş üzlük materialları dəyişdirilir, şüşə vitrinlər və digər səthlər təmizlənir. Eyni zamanda, küçə boyunca mövcud olan normativ tələblərə cavab verməyən, nizamsız və köhnəlmiş reklam lövhələri demontaj edilərək onların yerinə vahid dizayn prinsiplərinə uyğun, səliqəli və müasir reklam elementləri quraşdırılır.
Bundan əlavə, piyadaların hərəkətinin təhlükəsiz və rahat təşkili məqsədilə mövcud səkilər əsaslı təmir edilir, yararsız vəziyyətə düşmüş hissələr bərpa olunur, yeni bordürlər quraşdırılır. Küçə boyu yerləşən işıq dirəkləri rənglənərək bərpa edilir və istismara yararlı vəziyyətə gətirilir.
Yaşayış binalarının dam örtükləri şüşə ruberoid materialı ilə əsaslı təmir olunur, su navalçaları bərpa edilərək istismara yararlı vəziyyətə gətirilir, yağış sularının fasiləsiz axınının təmin edilməsi istiqamətində zəruri tədbirlər görülür. Ərazidə estetik görünüşə xələl gətirən qaz borularının yeri dəyişdirilir və onlar rənglənir.
Aparılan abadlıq işləri çərçivəsində hasarlar emulsiya boyası ilə rənglənir, tor hasarlar sarmaşıqlardan təmizlənərək bərpa olunur. Bununla yanaşı, budanmış ağacların ərazidən daşınması, iri qabaritli tullantıların kənarlaşdırılması və həyətyanı sahələrin tam şəkildə təmizlənməsi təmin edilir.
Həmçinin, qəsəbədə yerləşən istirahət parkında da əsaslı yenidənqurma işləri həyata keçirilir.
Nəzərinizə çatdırırıq ki, görülən işlər qəsəbənin infrastrukturunun müasirləşməsinə, ərazinin estetik görünüşünün yaxşılaşdırılmasına və sakinlərin rahatlığının daha da artırılmasına xidmət edir






