İyunun 5-də “İnsan Hüquqları Aylığı” çərçivəsində Suraxanı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bülbülə Bələdiyyəsində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiyası”nın və 226 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Bullinq və kiberbullinqin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
06 iyun 2026 | 12:40
İyunun 5-də “İnsan Hüquqları Aylığı” çərçivəsində Suraxanı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bülbülə Bələdiyyəsində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiyası”nın və 226 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Bullinq və kiberbullinqin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi şagirdlər arasında bullinq və kiberbullinq halları barədə məlumatlılığın artırılması, bu davranışların fərdlərə mənfi təsirləri haqqında maarifləndirmənin aparılması, təhlükəsiz və sağlam məktəb mühitinin təşviq edilməsi, qarşılıqlı hörmət, tolerantlıq və məsuliyyətli rəqəmsal davranış vərdişlərinin formalaşdırılması, həmçinin şagirdlərə belə hallarla qarşılaşdıqda düzgün davranış qaydalarının öyrədilməsi olmuşdur.
Tədbirdə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.
Məktəbin direktoru Arzu Məmmədova çıxış edərək qonaqları salamlamış, tədbirin əhəmiyyətindən bəhs etmiş və mövzunun aktuallığını vurğulayaraq bullinq və kiberbullinqin qarşısının alınmasının müasir dövrdə cəmiyyət və təhsil müəssisələri qarşısında duran mühüm məsələlərdən biri olduğunu diqqətə çatdırmışdır.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Monitorinq və əlaqələndirmə qrupunun məsul katibi Asəf Əmrahov bullinqin mahiyyəti, yaranma səbəbləri və uşaqların psixoloji vəziyyətinə təsiri barədə məlumat vermiş, bu halların uşaqlarda özünəinamın azalmasına və sosial münasibətlərdə çətinliklərin yaranmasına səbəb ola biləcəyini qeyd edərək, bullinqə qarşı mübarizədə maarifləndirmənin vacibliyini vurğulamış, uşaqların təhlükəsiz və sağlam mühitdə inkişaf etmələrinin təmin edilməsinin hər kəsin məsuliyyəti olduğunu diqqətə çatdırmışdır.
Bülbülə Bələdiyyəsinin sədri Nəsib İsmayılov çıxışında bullinq və kiberbullinqin qarşısının alınmasında məktəb, ailə və cəmiyyətin birgə rolundan bəhs etmiş, bu istiqamətdə bütün tərəflərin qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulamışdır.
Məktəbin informatika müəllimi Şahnaz Heybətova öz çıxışında kiberbullinq anlayışı, onun sosial şəbəkələrdə təzahür formaları və yaratdığı təhlükələr haqqında danışaraq şagirdlərə təhlükəsiz internet davranışı ilə bağlı tövsiyələr vermişdir.
Bülbülə bələdiyyəsinin üzvü, Qərbi Kaspi Universitetinin Psixologiya Sosial İş Kafedrasının müəlliməsi Günay Bağırova-Babazadə mövzu ətrafında çıxış edərək bullinq və kiberbullinq hallarının erkən mərhələdə müəyyən edilməsinin vacibliyindən danışmış, bu cür davranışların həm zərərçəkənlərə, həm də onları törədən şəxslərə mənfi təsir göstərdiyini qeyd etmişdir.
Tədbirin davamında şagirdlərin iştirakı ilə mövzuya uyğun səhnəcik nümayiş etdirilib.






