Şriftin ölçüsü :

Saytın rəngi :

Fatimeyi-Zəhra məscidində 27 sentyabr – Anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb

23 sentyabr 2025 | 15:07
Sentyabrın 23-də Suraxanı Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Yeni Günəşli yaşayış sahəsində yerləşən xanım Fatimeyi-Zəhra məscidində 27 sentyabr – Anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb.
Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatları Afət Həsənova, Qaya Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, RİHB-nin müavinləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin müdir müavini Amal Məlikov və əməkdaşı Aqil Əlisoy, Qafqaz Müsəlmanları İdarəsinin Suraxanı rayonu üzrə Qazisi Qurban Əliyev, eləcə də şəhid ailələri və qazilər, din xadimləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək şəhid ailələrinə dərin hüznlə başsağlığı verib, torpaqlarımızın düşmən tapdağından azad olunmasında və suverenliyimizin tam bərpa olunmasında canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib. O, bildirib ki, Vətən müharibəsinə başladığımız 2020-ci il 27 sentyabr tarixindən - xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artıq 5 il keçir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan RİH başçısı xalqımızın onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib. Adil Əliyev bildirib ki, ölkə başçımızın Anım Gününün Respublika səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncam şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsidir.
Həmçinin, mərasimdə çıxış edən Milli Məclisin deputatı Qaya Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin müdir müavini Amal Məlikov Vətən müharibəsində Azərbaycan xalqının birlik nümayiş etdirərək, böyük Zəfərə imza atdığını və bu Qələbənin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin, o cümlədən gənclərin göstərdiyi şücaətin əsl vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırıblar.
Ehsan süfrəsi mərasimində Vətən uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan oğullarının ruhuna dualar oxunub.
Keçidlər