Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev irsinin öyrədilməsi dərslərinə həsr olunmuş “Naxçıvan– Diyarım mənim” adlı tədbir keçirilib
24 aprel 2026 | 15:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev irsinin öyrədilməsi dərslərinə həsr olunmuş “Naxçıvan– Diyarım mənim” adlı tədbir keçirilib.
Suraxanı rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və müavinləri, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Qaya Məmmədov, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova təhsil müəssisələrinin rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər.
Tədbirdən öncə qonaqlar Ulu Öndər Heydər Əliyevin Əmircan qəsəbəsində yerləşən abidəsini ziyarət edib və foyedə Naxçıvan diyarına, onun zəngin tarixinə, mədəniyyətinə və memarlıq abidələrinə həsr olunmuş dərnək üzvlərinin hazırladıqları rəsm sərgisinə baxış keçiriblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, eləcə də Naxçıvan diyarından bəhs edən videoçarx nümayiş edilib.
Tədbirdə Bakı şəhəri “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin dərnək üzvləri tərəfindən Naxçıvana həsr olunmuş müxtəlif mahnı və rəqslər nümayiş olunub.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərin qorunmasında və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayıb. O vurğulayıb ki, gənclərin Heydər Əliyev irsini dərindən öyrənməsi onların milli kimliklərinin formalaşması və dövlətə bağlılıq hisslərinin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Adil Əliyev həmçinin bildirib ki, Naxçıvan diyarı Ulu Öndərin həyatında mühüm yer tutub və onun siyasi fəaliyyətinin formalaşmasında böyük rol oynayıb. Bu baxımdan belə tədbirlərin keçirilməsi gənclərin tariximizi daha yaxından tanımasına və milli dəyərlərimizə sahib çıxmasına xidmət edir.
Daha sonra Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Qaya Məmmədov, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov öz çıxışlarında Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasətdən bəhs edərək bildiriblər ki, dahi şəxsiyyətin zəngin həyat yolu, yüksək idarəçilik bacarığı və xalqa bağlılığı bu gün də gənc nəsil üçün nümunədir. Onlar vurğulayıblar ki, Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi yolunda atdığı qətiyyətli addımlar ölkənin davamlı inkişafının əsasını təşkil edib.
Eyni zamanda qeyd olunub ki, bu kimi dərslər və maarifləndirici tədbirlər şagirdlərin milli-mənəvi dəyərlərə bağlı, sağlam əqidəli, vətənpərvər və müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Sonda tədbir iştirakçıları ilə birgə xatirə fotosu çəkilib.






