Aprelin 30-da Suraxanı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Qaraçuxur Bələdiyyəsində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiyası”nın və Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın birgə təşkilatçılığı ilə “Oyun asılılığı: rəqəmsal oyunların uşaqların inkişafına təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib
30 aprel 2026 | 19:59
Aprelin 30-da Suraxanı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Qaraçuxur Bələdiyyəsində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiyası”nın və Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın birgə təşkilatçılığı ilə “Oyun asılılığı: rəqəmsal oyunların uşaqların inkişafına təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi rəqəmsal oyunların uşaqların psixoloji və sosial inkişafına təsiri, həmçinin, oyun asılılığının qarşısının alınması istiqamətində ictimai məlumatlılığın artırılması olmuşdur.
Tədbirdə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.
Gimnaziyanın direktoru Xəyalə Veyisova çıxış edərək qonaqları salamlayıb, tədbirin əhəmiyyətini qeyd edib və mövzunun aktuallığını vurğulayaraq rəqəmsal oyunların uşaqların psixoloji, sosial və intellektual inkişafına təsirinin bu gün cəmiyyət üçün mühüm məsələlərdən biri olduğunu diqqətə çatdırıb.
Suraxanı Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən monitorinq və əlaqələndirmə qrupunun məsləhətçi-psixoloqu Vəfa Qüdrətli oyun asılılığının psixoloji aspektlərindən bəhs edərək bildirib ki, rəqəmsal oyunlardan həddindən artıq istifadə uşaqlarda diqqət dağınıqlığı, aqressiv davranışlar, sosial təcrid və emosional balansın pozulmasına səbəb ola bilər. O, valideynlərin və müəllimlərin bu məsələyə həssas yanaşmasının vacibliyini vurğulayaraq, uşaqlarla sağlam ünsiyyətin qurulmasının və onların asudə vaxtının düzgün istiqamətləndirilməsinin oyun asılılığının qarşısının alınmasında mühüm rol oynadığını qeyd edib.
Qaraçuxur Bələdiyyəsinin sədri İxdiyar Nəcəfov, Bakı Şəhəri Gənclər və İdman İdarəsinin Suraxanı Rayon üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Elşən Atakişizadə və Gimnaziyanın psixoloqu Nigar Orucova uşaqlarda oyun asılılığının qarşısının alınması yolları barədə danışaraq qeyd ediblər ki, valideyn nəzarətinin gücləndirilməsi, rəqəmsal cihazlardan istifadə müddətinin məhdudlaşdırılması və ailə daxilində sağlam ünsiyyət mühitinin yaradılması bu problemin həllində önəmlidir.
Tədbirin davamında şagirdlərin iştirakı ilə mövzuya uyğun səhnəcik nümayiş etdirilib.






