Aprelin 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə “Gənclərin sosial mediada təhlükəsizliyi: dini radikalizmə qarşı təbliğat” adlı maarifləndirici tədbir keçirilib
29 aprel 2026 | 10:06
Aprelin 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə “Gənclərin sosial mediada təhlükəsizliyi: dini radikalizmə qarşı təbliğat” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi gənclərin sosial şəbəkələrdə qarşılaşa biləcəyi dini radikalizm, ekstremizm və zərərli ideoloji təsirlər barədə məlumatlandırılması, onların təhlükəsiz rəqəmsal davranış vərdişlərinin formalaşdırılması və milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi olub.
Suraxanı Gənclər Evində təşkil olunan tədbirdə din xadimləri, dövlət qurumlarının nümayəndələri, gənclər, ictimai fəallar iştirak ediblər. Çıxış edənlər sosial medianın müasir dövrdə gənclərin həyatında mühüm rol oynadığını vurğulayaraq, informasiya təhlükəsizliyi, saxta dini təbliğatın yaratdığı risklər və radikal ideologiyaların qarşısının alınmasında maarifləndirmənin əhəmiyyətindən danışıblar.
Bildirilib ki, gənclərin sağlam düşüncəyə, düzgün dini biliklərə və vətəndaş məsuliyyətinə sahib olması cəmiyyətin təhlükəsizliyi və inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Sonda gənclərə sosial mediadan təhlükəsiz və düzgün istifadə ilə bağlı tövsiyələr verilib, belə maarifləndirici görüşlərin davamlı keçirilməsinin vacibliyi qeyd olunub.






