Rayon əhalisinin 68814 nəfərini gənclər təşkil edir (14-29 yaş). Suraxanı rayonunda “Neftçi İdman Klubu” ictimai birliyi , Hövsan Olimpiya İdman Kompleksi, 18 saylı Uşaq gənclər idman məktəbi, 12 idman klubu və Respublikamızda fəaliyyət göstərən müxtəlif federasiyaların 21 nümayəndəliyi fəaliyyət göstərir. Rayon ərazisində 56 idman qurğusu, 4 stadion, 5 aerobika zalı, 6 trenajor zalı yerləşir. Yuxarıda qeyd olunan idman təşkilatlarında ümumilikdə 9260 idmançı məşğul olur. Onlardan 610 nəfəri beynəlxalq yarışların qalibi, 117 idman ustası, 312 nəfəri idman ustalığına namizəddir. Hövsan Olimpiya İdman Kompleksi istifadəyə verildikdən sonra hər il idmana cəlb olunan idmançıların sayı sürətlə artır, Kompleksdə yaradılan şərait müxtəlif idman Federasiyalarının yeni nümayəndələrinin cəlb olunmasında əhəmiyyətli rol oynayır. Eyni zamanda son illərin təhlili göstərir ki, idmançılar arasında Olimpiya idman növlərinə maraq daha da artmışdır. “Regionların” sosial-iqtisadi inkişafı Dövlət Proqramına salınmış rayonun Əmircan qəsəbəsində bir futbol meydanının və müasir tipli idman zalının, Yeni Suraxanı qəsəbəsində bir futbol meydanının, Qaraçuxur qəsəbəsində bir müasir tipli idman zalının, Yeni Günəşli yaşayış sahəsində bir futbol meydanının və şahmat məktəbinin tikintisi davam etdirilir. Yuxarıda qeyd olunan idman obyektlərinin istifadəyə verilməsindən sonra Suraxanı rayonunda idmana cəlb olunacaq idmançıların sayında əhəmiyyətli artım müşahidə olunacaqdır.
Suraxanı rayonunda yerləşən müəssisə və təşkilatlarda müxtəlif səpkili tədbirlər keçirilir, Rayon Gənclər və İdman idarəsi bədən tərbiyəsi kollektivləri, idman klubları və ictimai təşkilatlarla əlaqəli şəkildə əməkdaşlıq edir. Suraxanı rayon 18 saylı Uşaq Gənclər İdman Məktəbi 20 ildən artıqdır ki, fəaliyyət göstərir. Məktəbdə dörd idman növü: voleybol, basketbol, stolüstü tennis və futbol üzrə idmançılar məşğul olurlar. Məktəbdə üç stolüstü tennis zalı var. Voleybol, basketbol və futbol məşqləri Suraxanı rayonunun tam orta məktəblərinin idman zallarında keçirilir. Məktəbdə 23 məşqçi-müəllim çalışır ki, onlardan 14-ü əsas işçi, 9-sı isə orta məktblərdə çalışan fiziki tərbiyə müəllimləridir. UGİM-də çalışan məşqçi-müəllimlərin əksəriyyəti idman ustaları, beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etmiş idmançılardır. Onların əməyi sayəsində məktəbin idmançıları Respublika birinciliklərində və Bakı şəhəri üzrə keçirilən çempionatlarda iştirak edirlər və layiqli yerlər qazanırlar. Bunlardan voleybol və stolüstü tennis bölməsinin nəticələrini xüsusi qeyd etmək olar. Uşaq Gənclər İdman Məktəbinin əsas məqsədi fiziki cəhətdən hərtərəfli inkişaf etmiş mənəvi keyfiyyətli idmançılar hazırlamaq, ayrı-ayrı idman növləri üzrə ixtisaslı idmançılar yetişdirmək və idman hakimləri hazırlamaqdır.
Hal-hazırda məktəbdə 685 şagird məşğuldur, onlardan 212 nəfəri qızdır.
İdman və bədən tərbiyəsi Suraxanı gənclərinin sevimli məşğələsidir. «Neftçi» idman klubu ictimai birliyinin müxtəlif idman qurğularında hər gün yüzlərlə gənc idmançı idmanın müxtəlif növləri ilə məşğul olur.
İdman klubunun direktoru: Sadıqov Sadıq Asəf oğlu – Azərbaycan respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, Tərəqqi medalı sahibi, Azərbaycan Milli Olimpiya Komitəsinin İcrayə Komitəsinin üzvüdür.
1. Ziba Ələsgərova - Dəfələrlə SSRİ çempionu, yüngül atletika üzrə dünya və Avropa çempionu olmuşdur. Dünya rekordçusudur. Vəfat etmişdir. fizika-riyaziyyat elmləri namizədi, dosent olmuşdur.
2. Zeynalov Hacıbaba – uzun müddət “Neftçi” İSM-nin rəis müavini vəzifəsində çalışıb. Hal-hazırda “Neftçi” İSM-nin atletika üzrə baş məşqçisi olmuşdur. Yeniyetmələri arasında Pekin 2008 Paralimpiya Oyunlarının qalibi Oloxan Musayev də var.
3. Bayramov Rövşən – dəfələrlə Avropa və Dünya çempionatlarının qalibi və mükafatçısı, Pekin-2008 və London 2012 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. Şəxsi məşqçisi Hicran Şərifovdur. Bayramov Rövşən – 2005-ci ildə yunan-roma güləşi üzrə dünya çempionu olmuş, 2006-cı ildə Azərbaycanın ən güclü idmançısı seçilmişdir.
4. Şərifov Hicran – Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, Şöhrət Ordeni sahibi, güləş üzrə olimpiya kateqoriyalı hakim. Pekin-2008 və London-2012 Yay Olimpiya Oyunlarında ölkəmizi hakim qismində təmsil edib, London Olimpiyadasında Nümunəvi ədalətli hakimliyinə görə Beynəlxalq Güləş Federasiyası (FİLA) Tərəfindən qizil fitlə təltif olunmuş üç hakimdən biri olub. Şəxsi yetirmələri arasında Olimpiya Oyunlarının 2 qat gümüş mükafatçısı Rövşən Bayramov, yeniyetmələrin ilk Olimpiya Oyunlarının qalibi Elman Muxtarov (Sinqapur 2010), yeniyetmələr arasında dünya çempionları Elnur Hüseynov və Səbirə Əliyeva (Bakı 2012) kimi idmançılar var.
5.Bayramov Əfqan – London-2012 Yay Olimpiya Oyunlarında İştirak edib, 2012-ci ilin Avropa Çempionudur.
Bayramov Əfqan - 1999-cu ildə yeniyetmələrin yarışlarında iki dəfə Azərbaycan çempionu adını qazanmış və idman ustası adına layiq görülmüşdür. 2002-ci ildə Dünya çempionatının mükafatçısı olmuşdur. Respublikanın ağır atletika üzrə yığma komandasının üzvüdür. 25 diplom və fəxri fərmanlarla təltif olunub.
6. Əliqulu Həsənoğlu – Yunan-roma güləşi üzrə SSRİ-nin və Azərbaycan Respublikasının Əməkdar məşqçisidir. Respublika çempionu, SSRİ birinciliklərinin mükafatçısı olmuşdur. SSRİ-nin idman ustasıdır. 1980-cı ildə Azərbaycan SSR-nin əməkdar məşqçisi adına layiq görülmüşdür.Afina-2004 Yay- Olimpiya Oyunlarının çempionu Fərid Mansurovun şəxsi məşqçisi olmuşdur. Yeniyetmələri arasında Arif Niftullauev, Avdışev kimi tanınmış gənclər də var.
2016-cı ildə vəfat etmişdir.
İdmançıların siyahısına Əlavə:
Əsədullayev Rasim - 2009-cu ildə Yerevanda keçirilmiş cüdo üzrə gənclər arasında Avropa birinciliyinin bürünc mükafatçısıdır.
Sadıqzadə Elsevər - cüdo üzrə Avropa birinciliklərinin dəfələrlə mükafatçısı, Avropa yeniyetmələrinin Olimpiya Festivalının qalibidir.
Zairov İntiqam - ağır atletika üzrə Avropa çempionatının gümüş və bürünc mükafatçısı, Pekin-2008 və London-2012 Yay Olimpiya Oyunlarının iştirakçısıdır.
Sultanova Afaq - cüdo üzrə London-2012 Paralimpiya Oyunlarının qalibi, 2 qat dünya çempionudur.
Qurbanov Seymur -boks üzrə qen yeniyetmələr arasında Avropa birinciliyinin gümüş mükafatçısıdır.
Əhmədov İbrahim - atletika üzrə Avropa çempionatının gümüş və bürünc mükafatçısıdır.
Məmmədov Rəşad - cüdo üzrə Azərbaycan Republikasının əməkdar məşqçisi.
Məmmədov Fərhad - cüdo üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi.
Qurbanov Cəmşid - boks üzrə Azərbaycan respublikasının əməkdar məşqçisi.
Zeynalov Bəxtiyar - atletika üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi.
Babanlı Elmar - cüdo üzrə beynəlxalq dərəcəli hakim “Neftçi İdman Klubu” ictimai birliyində, idman və sağlamlıq məsələləri üzrə
müavini.
I Avropa Oyunlarında Suraxanı Rayonunu uğurla təmsil etmiş idmançılar:
1. Mamayev Ayxan Paşaliyeviç-karate-1-ci yer
2. Səfərbəyov Vasif Abdulməcidoviç-sambo güləşi-2-ci yer
3. Bünyatova Sevil Yaqut qızı-qılınc oynatma-2-ci yer
4. Bünyatova Sevinc Yaqut qızı- qılınc oynatma-3-cü yer
5. Mislimov Zakir Qafuroviç-paralimpiyaçı cüdoçu-3-cü yer
Suraxanı rayon Gənclər və İdman İdarəsi: AZ-1042 Bakı ş., Suraxanı rayonu, Əmircan qəsəbəsi. Səttar Bəhlulzadə küçəsi, Suraxanı Gənclər Evində yerləşir. Tel.452-62-28