Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru

22 may 2020 | 16:00

Dövlət tərəfindən təkmil nəzarət və təşviq yönümlü mexanizmlərin geniş tətbiqi nəticəsində iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olunmuşdur. Bununla da dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulmuş, bütün sahələrdə maliyyə intizamı yaxşılaşmışdır. Son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilmişdir. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaratmışdır.
Qeyri-formal məşğulluq öz mahiyyətinə görə həm iqtisadiyyat, həm də qeyri-formal məşğulluğa cəlb olunmuş şəxslər üçün olduqca ciddi təhlükə yaradır. Belə ki,         qeyri-formal məşğulluq dövlətlər üçün kölgə iqtisadiyyatının yaranmasına, dövlət büdcəsinə vergi və digər məcburi ödəmələr üzrə yığımların azalmasına, habelə iqtisadiyyatın sabit və rəqabətli şəkildə inkişafına maneə törədir. Qeyri-formal məşğulluğa cəlb olunmuş şəxslər isə əmək və sosial hüquqlarından məhrum olurlar, nəticədə insanlar sosial risklərə məruz qaldıqda dövlətin pensiya, sosial sığorta və sosial sahədə digər müdafiə mexanizlərimdən kənar qalırlar. Qeyd etmək lazımdır ki, qeyri-formal məşğulluğa qarşı ölkəmizdə ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sistemli və ardıcıl işlər görülür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 2017-ci il tarixli 3287 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında  qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilmişdir. Təsdiq edilmiş Tədbirlər Planı ümumilikdə “Normativ hüquqi aktların təkmilləşdirilməsi”, “İnzibatçılığın təkmilləşdirilməsi”, “Qeyri-formal məşğulluğun qarşısının alınmasında nəzarət tədbirlərinin gücləndirilməsi”, “Monitorinq və qiymətləndirmə sisteminin qurulması”, “Qeyri-formal məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili” olmaqla özündə 5 bölmə və 36 bəndi ehtiva edir. Prezident İlham Əliyevin “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 25 fevral 2020-ci il tarixli Fərmanı ölkəmizdə qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlərin müasir texnologiyaların geniş tətbiqi şəraitində səmərəliliyinin artırılmasına xidmət edir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə məlumatlar qeydiyyata alınır. Bu altsistem ölkə üzrə muzdla çalışan işçilər barədə məlumatarı və iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əmək haqları üzrə məlumatları real vaxt rejimində görməyə imkan verir. “Əmək müqaviləsi bildirişi” altsistemi həm nəzarət üçün, həm də təhlillərin aparılması üçün geniş imkanlar yaradır.
          Statistik məlumatlara görə, 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxil olmalar 21.3% artaraq 1.4 mlrd.manatı üstələmişdir.
2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artmış, o cümlədən bu artımın 99 mini özəl sektorun payına düşmüşdür. Ümumilikdə 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır.
          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib.Pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü işlər aparıldı. Nəticədə mövcud iş yerləri nəinki qorundu, həmçinin“Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik artım oldu. Beləliklə, pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu. Tədbirlər planında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 mln.manat birbaşa kompensasiya ödənişi ayrılmışdır. Bununla yanaşı, dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərir. Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar təbii olaraq şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Belə bir vəziyyət dövləti əslində çətin seçim qarşısında qoymasına baxmayaraq ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər   qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi.
           2020-ci il aprelin 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. “Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür” deyə vurğulayan cənab Prezident bir daha dedi: “Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin”.
Ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi pandemiya dövründə genişlənmiş, təkcə aprel ayında əlavə 12 min ailə 50 min ailə üzvü də bu proqrama cəlb edilmiş və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Digər tərəfdən, pensiya, müavinət və təqaüd alan 2 milyon şəxsə ödənişlərin davamlılığı təmin edildi. Sosial ödənişlər formal sektorda işləyən şəxslər üçün sosial dayaq və sosial müdafiə rolunda çıxış edir. Qeyri-formal sektorda çalışanlar isə qeyd olunan ödənişlərdən kənarda qalır.
Koronavirus dövrünün “acı nəticələri”ni nəzərə alaraq hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir. Şəffaflıq sahibkarın və vətəndaşın gələcəkdə baş verə bilən bütün gözlənilməz təsirlərə hazırlıqlı olmasını təmin edir. Bu üstünlüyü görməyi bacaranlar dövlət başçısı ilə həmrəylik nümayiş etdirdi. Koronavirus təcrübəsi beləbir həmrəyliyin olduqca vacib olduğunu bir daha təsdiq etdi.

Suraxanı rayon Məşğulluq Mərkəzinin direktoru
Sənan Məmmədzadə

https://xeberim.az/dovlet-vetendas-hemreyliyine-tohfe-kolgeden-isiga-dogru/

Keçidlər