Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin könüllüləri olaraq çıxdığımız bu şərəfli yolda cənab Prezidentin biz gənclərə olan etimadını doğrultmaq bizlərin ən ali məqsədidir!”

19 may 2020 | 16:00

Könüllülük dedikdə, fərdin öziradəsi və sərbəst seçimi üzrə heç bir maddi gəlirə əsaslanmayan ictimai faydalı və cəmiyyətin rifahının daha da yüksəldilməsini qarşıya məqsəd qoyan sosial bir fəaliyyət növü nəzərdə tutulur. Ölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların həyat rifahının yaxşılaşmasında könüllülər mühüm rol oynayırlar. Könüllülük hərəkatı son illərdə respublikamızın davamlı və dayanıqlı inkişafının təmin olunmasında ön sıralarda yer alır.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsinin nəticəsidir ki, Azərbaycan gəncləri cəmiyyətimizin bütün sahələri ilə yanaşı ölkəmizi beynəlxalq miqyasda da layiqincə təmsil etməyi bacarırlar.
Azərbaycanda gənclərlə iş sahəsində inkişaf gənclərin könüllülük fəaliyyəti sahəsində ilk addımlar Ulu Öndərimizin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra başlayıb. Məhz onun hakimiyyətə gəlişindən sonra dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanıldı. 1994-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı, 1998-ci ildə BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə güclü könüllü komandası yaradıldı və könüllülük prinsiplərinin geniş ictimaiyyətə təbliğinə start verilmiş oldu.
Milli Məclis tərəfindən 2009-cu ildə qəbul olunan “Könüllü fəaliyyət haqqında” 10 maddədən ibarət geniş və əsaslı Qanun Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsinə yol açdı. Qanun qəbul edildikdən sonra ölkəmizdə ictimai fəaliyyət üçün mövcud şərait daha da genişləndi. Xüsusilə bunu da qeyd etmək lazımdır ki, Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq könüllülüklə bağlı qanun məhz Azərbaycanda qəbul edilib.
2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) və onun nəznində ASAN Könüllüləri Təşkilatının (AKT) yaradılması könüllülük hərəkatında yeni model kimi formalaşdı. Bu günə kimi ASAN xidmət mərkəzlərində 20000-dən çox gənc, könüllü olaraq fəaliyyət göstərmişdir. Həmçinin ölkəmizin ev sahibliyi etdiyi "Eurovision-2012”mahnı müsabiqəsi, 2015-ci il Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1” və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllünün cəlb olundugunu və onların əvəzsiz fəaliyyətini də vurğulamaği borc bilirəm. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə formalaşan könüllülük hərəkatının inkişafında olan rolu isə danılmazdır. Məhz Mehriban xanım Əliyevanın əzmkar fəaliyyəti nəticəsində qeyd etdiyim beynəlxalq tədbirlərdə on minlərlə könüllünün fəaliyyəti yüksək və peşəkarcasına təşkil olundu.
Bu ilin əvvəlindən başlayaraq bütün dünyaya sürətlə yayılan koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışı ilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi üzrə könüllü hərəkatları və gənclər təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) təsis edilmişdir.Yeni yaradılmış mərkəz özündə “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər gənclər təşkilatlarını o cümlədən könüllü hərəkatlarını özündə birləşdirir.
Mərkəzin gəncləri son zamanlar paytaxda və regionlarımızda həyata keçirdikləri layihə və təşəbbüslərlə hər kəsin sevgisini qazanmaga başlamışlar. Onların əsas fəaliyyəti aztəminatlı və digər həssas kateqoriyadan olan ailərlərin yaşadıqları ünvana baş çəkərək onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasına köməklik göstərməkdir. AKƏM onlayn formatda mütamadi olaraq gənclərin iştirakı ilə iclaslar da keçirməkdədir.
Karantin rejimi dövründə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Biz birlikdə güclüyük" sosial layihəsi xüsusi təqdirə layiqdir. “bizbirlikdegucluyuk.az” portalına və RİİB-in 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında RİİB könüllülərinin iştirakı ilə şəhəri və rayonun qəsəbə və kəndlərinə ehtiyacı olan ailələrə baglamalar çatdirilmışdır.
Bütün bunlarla yanaşı cəmiyyətimizin ictimai-siyasi həyatına öz töhfəsini verən Yeni Azərbaycan Partiyasının könüllülərini də qeyd etmək şərtdir. Doğma partiyamızın sədri, cənab İlham Əliyevin çağırışına tam qüvvə ilə səfərbər olan Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin gənc könüllüləri Yeni Azərbaycan Partiyasının mart ayının sonlarından başlayaraq ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə başlatdığı “Sağlamlığımız Milli Həmrəyliyimizdədir” sosial layihəsini bu gün uğurla davam etdirir. Layihənin əsas məqsədi həssas qrupa mənsub olan şəxslərə sosial xidmətlər göstərməkdir. Dünyanın və ölkəmizin ağır sınaq qarşısında qaldığı bu çətin dönəmlərdə cənab Prezidentin çağırışlarına cəmiyyətimizin bütün təbəqələri kimi, biz Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin könüllüləri də qoşulduq. Çıxdığımız bu şərəfli yolu bu günədək olduğu kimi bundan sonra da bütün gücümüzlə davam etdirmək bizlərin ən ali məqsədidir!

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı
Gənclər Birliyinin sədr müavini
Murad Arzuoğlu

Keçidlər