Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda dezinfeksiya işləri davam etdirilir

31 mart 2020 | 16:00

Suraxanı rayonunda koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlər, lazımi sanitar-profilaktik və dezinfeksiya işləri gücləndirilmiş rejimdə davam etdirilir. Dezinfeksiya işləri çoxmənzilli yaşayış binalarının girişlərində, pilləkən qəfəslərində, lift kabinələrində, məhəllələrdə mütəmadi həyata keçirilir. Həmçinin, mərkəzi və məhəllədaxili yollar xüsusi maddələrlə yuyularaq dezinfeksiya edilir.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin ən mühüm hissəsi vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi və ünsiyyətin minimuma endirilməsidir, xüsusi ehtiyac olmadıqda evlərini tərk etməməsidir. Bu məqsədlə rayon ərazisində yaradılmış təbliğat qrupları tərəfindən vətəndaşlarla profilaktiki söhbətlər aparılaraq, insanlara evlərini tərk etməmələri tövsiyə olunur.

COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızdan bir daha Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur. Koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103, 113 təcili tibbi yardım xidmətinə, 1542 nömrəli qaynar xəttə zəng etmək ciddi tövsiyə edilir.

Keçidlər