Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz Əzizov Hövsanda südçülük sovxozunda sakinlərlə görüşdü

26 dekabr 2019 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü Hövsan qəsəbəsində keçmiş Apşeron rayonunun südçülük sovxozu ərazisində keçirtdi. Səyyar görüş-qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Hövsan bələdiyyəsinin, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, 150 nəfərdən çox sakin və ictimaiyyət nümayəndəsi iştirak edirdi.
Əziz Əzizov səyyar görüş-qəbulda sakinlərin diqqətinə çatdırdı ki, cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, keçirilən belə görüşlərin məqsədi sakinlərin problemlərini yerində öyrənmək və onları həll etməkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verən rayon rəhbəri sakinlərin diqqətinə çatdırdı ki, dövlət başçısının təsdiq etdiyi Dövlət Proqramlarına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri gedir. Yeni Suraxanı qəsəbəsində bütün küçələr asfaltlanır, ehtiyac olan yerlərdə kanalizasiya və su şəbəkələri yenidən qurulur. Mərhələli şəkildə rayonun bütün qəsəbələrində daxili yolların əsaslı təmir edilərək asfaltlanması, mövcud olmayan yerlərdə kanalizasiya və su şəbəkələrinin qurulması nəzərdə tutulmuşdur. Əmircan qəsəbəsində təxminən 3 kilometr uzunluğunda olan Balandin, Park, Elxan Həsənov, Malik Mustafayev və Atamoğlan Rzayev küçələri yenidən qurulur. Bütün bu işlər sakinlərin rahatlığının təmin edilməsi və güzəranının yaxşılaşdırılması üçündür.
Sakinlər rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərlə maraqlanıib, hər birini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı konkret tapşırıqlarını verib su və kanalizasiya şəbəkələrinin qurulması, küçələrə asfalt örtüyünün vurulması ilə bağlı aparılacaq işləri onların diqqətinə çatdırdı.
Səyyar görüş-qəbuldan sonra Əziz Əzizov bir qrup vətəndaşın qaldırdıqları problemlərlə yerində tanış oldu.

Keçidlər