Əziz Əzizov sakinlərlə ilk görüşünü Suraxanının Zığ qəsəbəsindən başladı
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə ilk görüşünü 14 noyabr 2019-cu il tarixdə Zığ qəsəbəsindən başladı. 317 nömrəli tam orta məktəbin akt zalında keçirilən səyyar görüş-qəbulda Milli Məclisin deputatı Sevinc Fətəliyeva, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, RİHB-nin Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Zığ bələdiyyəsinin, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, 200 nəfərə yaxın sakin və ictimaiyyət nümayəndəsi iştirak edirdi.
Görüşün əvvəlində Əziz Əzizov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Əziz Əzizov sakinlərin diqqətinə çatdırdı ki, dövlət başçısının tapşırığına əsasən rayon İcra Hakimiyyətlərinin başçıları ilk növbədə, vəziyyəti düzgün qiymətləndirməli, çox ciddi təhlil aparmalı, çatışmayan cəhətləri üzə çıxarmalı və mövcud olan problemlərin həlli üçün səylərini göstərməlidir. Xalqa ləyaqətlə xidmət etməlidir. Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur.
Rayon rəhbəri görüşdə sakinlərə dövlət başçısının yeni təyin olunan icra başçılarını qəbul edərkən vurğuladığı məsələləri çatdırmışdır: “15 il ərzində - 2003-2018-ci illərdə bizim iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Bütün digər göstəricilər onu təsdiq edir ki, iqtisadi artım, eyni zamanda, vətəndaşların sosial təminatına da müsbət təsir göstərmişdir. Beləliklə, Azərbaycanda yoxsulluq təxminən 50 faizdən 5 faizə düşmüşdür. Xarici dövlət borcu ən aşağı səviyyədədir, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. Böyük infrastruktur layihələri icra edilib və bu gün ölkəmizdə qazlaşdırmanın səviyyəsi 96 faizdir. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı dünya miqyasında ikinci yerə layiq görmüşdür. Sosial islahatlar uğurla aparılır. Yoxsulluğun aşağı səviyyəyə düşməsinin əsas səbəbi də ondan ibarətdir ki, bizim iqtisadi islahatlarımız, o cümlədən sosial sahə böyük diqqətlə əhatə olunur. Bu il 4 milyon 200 mindən çox insan çox geniş sosial paketlə əhatə olunmuşdur və minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə artmışdır. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox, müavinətlər 2 dəfə artmışdır. Bu il orta aylıq əməkhaqqı 35 faiz artmışdır. Orta aylıq əməkhaqqı 723 manat təşkil edir. Gələcək illərdə bu rəqəm artacaq.”
Səyyar görüş-qəbulda sakinlərə cari ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davam edir. Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir.
Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciətlər etdilər.
Rayon rəhbəri səyyar görüş-qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirdi, sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi, Zığ qəsəbəsində sakinlərin istirahəti üçün parkın salınması, qəsəbədaxili küçələrə asfalt örtüyünün vurulması ilə bağlı qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.