Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünü təntənəli qeyd edildi

25 aprel 2019 | 16:00

Suraxanı rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibəti ilə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir.
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, rayon İcra Hakimiyyətinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Mərkəzin elektron lektoriya zalında “Zərifə Əliyeva – Məğrur qadın, fədakar ana, böyük alim” mövzusunda konfrans keçirilmişdir.
Konfrans iştirakçıları Suraxanı rayonu Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etmiş, Əməkdar elm xadimi, tibb elmləri doktoru,  akademik, ictimai xadim, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibəti ilə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində yaradılmış guşədə qoyulmuş büstü önünə tər güllərin düzmış və kitab sərgisi ilə tanış olmuş, akademik Zərifə xanım Əliyeva haqqında filmi izləmişlər.
Konfransın əvvəlində Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, akademik, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü bu günlərdə ölkəmizin hər yerində qeyd edilir. Zərifə xanım Əliyevanı xalqımız sonsuz hörmət və məhəbbətlə xatırlayır. Bugünkü konfrans da Zərifə xanımın əziz xatirəsinə böyük ehtiramın ifadəsidir. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın müqəddəs xatirəsi, ülvi insani keyfiyyətləri, elmi fəaliyyəti nurdan yaranan, varlığı nur olan təkrarsız bir insan olaraq xatırlanır. Zərifə xanımın seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də insanlara nur bəxş etmək olub.
Zərifə xanım Əliyeva zaman-zaman öyrəniləcək və tədqiq olunacaq alimdir. Zərifə xanımın beynəlxalq konfrans və simpozumlarda alimlərin müzakirə obyektinə çevrilən elmi nailiyyətləri Azərbaycan səhiyyəsinin dünyaya nüfuz etməsinə gətirib çıxarmışdır. Oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan, elmin bu sahəsinin inkişafına dəyərli töhfələr verən Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi çoxcəhətli və zəngindir.
Konfransda çoxsaylı tədqiqat əsərlərinin müəllifi Reyhan Mirzəzadə məruzə ilə çıxış edərək vurğulamışdır ki, Zərifə xanım Əliyeva əsl ziyalı qadın idi. Bu ziyalılıq bir tərəfdən onun biliyində və savadında, digər tərəfdən, simasındakı nurla, xasiyyətindəki təmkin və nəcibliklə özünü göstərirdi. Onun ən gözəl cəhətləri bəşəriyyətə və insanlara sevgisi, sevimli işinə hədsiz bağlılıq və ailəsinə vurğunluq idi. Zərifə xanım Əliyeva Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirmişdi, onları təcəssüm etdirirdi.
Məruzə ətrafında Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Ağacan Abiyev və Fərəc Quliyev, 24 nömrəli Şəhər Poliklinikasının həkimi Rəna Qanbayeva, 16 nömrəli Uşaq Poliklinikasının həkimi Ülviyə Əkbərova çıxış edərək Zərifə xanım Əliyevanın çoxcəhətli və zəngin fəaliyyəti haqqında danışmışlar.
Konfransın işini yekunlaşdıran İlqar Abbasov qeyd etmişdir ki, Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çoxşaxəli fəaliyyət göstərmişdir. Eyni zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalat sahəsində onun laboratoriyası fəaliyyət göstərmişdir. Bu laboratoriyada insanların sağlamlığına zərərli istehsalların təsiri öyrənilməklə yanaşı, eyni zamanda, xəstələrin müalicəsi də təşkil edilmişdir.
İlqar Abbasov vurğulamışdır ki. Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Amma bu adların sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır.
Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində Ulu Öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da əməyini görürük.
Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən qüdrətlənir, öz inkişaf templərinə görə dünyada qabaqcıl yerlərdən birini tutur. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın həyata keçməyən ideyalarının gerçəkləşməsində möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin ən yaxın və əvəzolunmaz silahdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var.
Çox hörmətli Mehriban xanım Əliyevanın həyat müəllimləri isə, özünün də qeyd etdiyi kimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Azərbaycan qadınının şərəf mücəssəməsi Zərifə xanım Əliyeva olmuşlar.
İlqar Abbasov qeyd etmişdir ki. möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətində xüsusi cəhətlərdən biri də əlamətdar günləri sadə vətəndaşlarla birgə keçirməsidir. Ötən il dekabrın 24-də, öz doğum günündə ölkə başçımız məcburi köçkünlərlə birlikdə idi. Bu il isə aprelin 18-də -  düz bir il öncə Milli Məclisdə vətənə, dövlətə və xalqa sədaqət andı içdiyi, yeni müddətə prezidentlik səlahiyyətlərinin icrasına başladığı gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev sadə vətəndaşların arasındaydı. Suraxanı rayonunda Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanışlıq zamanı yaranmış fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyeva ilə birlikdə vətəndaşlarla görüşüb səmimi söhbət etdi. Bu söhbət Azərbaycandakı xalq-iqtidar birliyinin sarsılmazlığını bir daha sübut etdi. Eyni zamanda sadə vətəndaşlar bu görüşün timsalında ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunduqlarını gördülər.
Konfrans bu sözlərlə yekunlaşdı: “Akademik Zərifə xanım Əliyevanın işıqlı obrazı heç zaman ürəklərdən silinməyəcək.”
Sonda təqdim olunan bədii hissədə əməkdar artist Zaur Əmiraslanovun ifasında Zərifə xanım Əliyevanın sevdiyi mahnılar səsləndirildi.

Keçidlər