Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda 2018-ci ilə yekun vurulmuşdur

06 mart 2019 | 16:00

“Suraxanı rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr haqqında” rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayondan Milli Məclisə seçilmiş deputatlar, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Neftçilər  parkında  həmişəyaşıl ağaclar əkmiş, sonra isə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan  abidəsini ziyarət etmişlər.
Hesabat yığıncağının iştirakçıları ötən ilin iqtisadi göstəricilərini əks etdirən stendlərə baxmış, rayonun sənaye müəssisələrinin istehsal etdiyi məhsullarla tanış olmuşlar.
Hesabat yığıncağında rayonda aparılmış abadlıq-quruculuq işləri haqqında film nümayiş olunduqdan sonra, hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, hesabat dövrü ərzində Suraxanı rayonunun hərtərəfli sosial-iqtisadi inkişafı davam etdirilmiş, sənaye məhsulunun istehsalı 450,4 milyon manat, tikinti-quraşdırma işləri 122,5 milyon manat, nəqliyyat xidmətləri 11,0 milyon manat, pərakəndə ticarət dövriyyəsi 1175,2 milyon manat olmuş, orta aylıq əmək haqqı 578 manat təşkil etmiş, əhaliyə 240,6 milyon manat məbləğində ödənişli xidmətlər göstərilmiş, rayona 118,7 milyon manat investisiya cəlb edilmiş, 3997 yeni iş yeri açılmışdır.
Azərbaycan   Respublikasının   Prezidenti   cənab  İlham  Əliyev 2018-ci ildə iki dəfə Suraxanıya gəlmiş, may ayının 22-də Qaraçuxur qəsəbəsində “ATEF Şirkətlər Qrupu” MMC tərəfindən inşa edilmiş yüksək gərginlikli avadanlıqlar zavodunun açılışında, dekabr ayının 27-də isə Hövsan qəsəbəsində Fövqəladə Hallar Naziriliyinin İdman-Sağlamlıq Mərkəzinin açılışında iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində binaların tikintisi işləri davam etdirilmişdir.
Qəsəbə və məhəllədaxili yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı 7 №-li Yol İstismarı MMC tərəfindən 77000 kv.m, eləcə də  MKTB tərəfindən 8000  kv.m olmaqla, ümumilikdə, 85 000 kv.m  asfalt örtüyü salınmış, Zığ dairəsi-Beynəlxalq Hava Limanı avtomobil yolundan Zığ qəsəbəsinə çıxış üçün qovşaq istifadəyə verilmiş, Zığ-Hövsan avtomobil yolunun yenidənqurulması işləri və rayon yollarının ətrafının abadlaşdırılması proqramı davam etdirilmişdir. Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsinin Babək prospekti ilə kəsişməsində yol kənarında piyada səkiləri bərpa edilmiş, bordürlar dəyişdirilmiş, tamet daşı düzülmüş, işıq dirəkləri yeniləri ilə əvəzlənmiş, yol boyu ağaclar əkilmişdir.
“Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında”  Azərbaycan Respublikası Prezidentinin 23 may 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Qaraçuxur qəsəbəsində Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın tədris korpusunda və yataqxana binasında əsaslı təmir işləri aparılmış, ərazisi abadlaşdırılmışdır. 
Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “D” yaşayış sahəsində yerləşən 2 nömrəli Uşaq evinin yeməkxana kompleksinə yenidənqurma işləri aparılmış, Hövsan qəsəbəsinin kənd hissəsində 23 nömrəli Şəhər Poliklinikasının Hövsan kənd filialı əsaslı təmir olunmuş, müasir tibbi avadanlıq və inventarlarla təchiz edilmiş, Yeni Günəşli “D” yaşayış sahəsində tikilmiş şahmat məktəbinin açılışı olmuşdur.
Qaraçuxur, Bülbülə, Hövsan, Zığ qəsəbələrində binalarda 51000 kv.m dam örtüyü  təmir edilmiş, 65 girişdə əsaslı təmir işləri başa çatdırılmış, 51000 kv.m  fasad hissə emulsiya ilə rənglənmiş, girişlərə 87 kod açarlı dəmir qapı quraşdırılmış, pilləkən qəfəslərində 627 ədəd pəncərə dəyişdirilmiş, 280 p.m tüstü bacası təmizlənmiş, binalarda yağış sularının axıdılması üçün 315 p.m xətt təmir edilmişdir.
Həyata keçirilən müvafiq proflaktik tədbirlər və təmir işləri ilə yanaşı müxtəlif diametrli 21000 p.m su, 1140 p.m kanalizasiya, 5490 p.m istilik, 6000 p.m qaz, 5750 metr elektrik xətləri çəkilmiş, 3 ədəd KTM, 2526 ədəd su, 8554 ədəd elektrik, 7995 ədəd qaz sayğacı quraşdırılmışdır. Görülən işlər nəticəsində hazırda rayon əhalisinin 100%-i elektrik enerjisi, 98%-i məişət qazı, 40%-i fasiləsiz olmaqla 97%-i su ilə təmin olunur.
Rayonun dövlət mənzil fonduna aid 384 ədəd çoxmərtəbəli yaşayış binasından 294-ü (76.6%), MTK-lara məxsus 50 yaşayış binasından 44-ü istiliklə təmin edilir.
Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində 580 p.m yeni kanalizasiya xətti çəkilərək 22 ədəd baxış quyusu qoyulmuş,  3,0 hektara yaxın ərazi qamışlıqlardan təmizlənmiş, suvarma şəbəkəsi qurularaq 1550 kv.m yaşıllıq salınmış, 2300 ədəd zeytun, çinar, şam ağacı, dekorativ kol əkilmişdir.
2018-ci ildə yaşıllaşdırma və ətraf mühitin sağlamlaşdırılması tədbirləri davam etdirilmiş, 13 ümumrayon iməciliyində 6713 ədəd ağac əkilmiş, rayonun neft əməliyyat şirkətləri tərəfindən ümumi sahəsi 7,9 hektar olan müxtəlif ölçülü 96 gölməçə qurudulmuş və müxtəlif növ tullantılardan təmizlənmiş, lay suları və neftlə çirklənmiş 28 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunmuş, 76 ədəd quyunun işçi meydançası və ətrafı neft tullantılarından təmizlənmişdir. Yeni Suraxanı qəsəbəsində yerləşən keçmiş Yod-brom zavodunun ərazisinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 850,0 min kub.m. torpaq daşınaraq, rekultivasiya olunmuş və sözügedən ərazidə 85000 ağac əkilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsinə uyğun olaraq, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 15, 15A, 15B, 15V saylı ünvanlarda 540 ailənin - 1942 nəfər sakinin yaşadığı məhəllə abadlaşdırılaraq 27 dekabr 2018-ci il tarixdə sakinlərin istifadəsinə verilmişdir.
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan, 13000 kv.m sahəsi olan həyətdə 2660 p.m bordür düzülmüş,1730 kv.m tamet daşı döşənmiş, əlil və sağlamlıq imkanları məhdud insanların da rahat hərəkəti nəzərə alınmaqla, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə 200 kv.m ərazidə uşaq oyun elementləri, 300 kv.m - mini futbol və basketbol, ümumi sahəsi 155 kv.m olan iki idman meydançası salınmış, yaşlı sakinlər üçün ahıllar guşəsi tikilmiş, 4 ədəd söhbətgah quraşdırılmışdır.
Daha 4 ünvanda binaların həyətləri abadlaşdırılmış, sakinlərin istirahəti üçün söhbətgahlar, oturacaqlar, müasir idman qurğuları, uşaq oyun elementləri quraşdırılmışdır.
Qaraçuxur qəsəbəsində Neftçilər parkının əsaslı təmiri işləri davam etdirilmiş, Milli Qəhrəman Cavanşir Rəhimovun büstünün ətraf ərazisi yenidən qurulmuş, 14000 kv.m yaşıllıq salınmış, mövcud ağaclar budanmış, 1000 ədəd yeni ağac əkilmiş, su şəbəkəsi çəkilmişdir. Ümumi sahəsi 470 kv.m olan uşaq, 150 kv.m - idman, 400 kv.m - mini-futbol meydançaları salınmış, ahılların istirahəti üçün “Veteranlar guşə”si tikilmiş, 113 ədəd işıq dirəyi, yeni Komplekt Transformator Məntəqəsi, 2 ədəd söhbətgah, 65 ədəd oturacaq,  gül dibçəkləri quraşdırılmış, ümumi uzunluğu 800 metr olan “Velotrek” təşkil edilmişdir.
Yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının  sökülərək yeni yaşayış binalarının inşa edilməsi Proqramına uyğun “Etibarlı” MTK tərəfindən Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34 və 36 ünvanda istismara yararsız iki mərtəbəli 16 mənzilli yaşayış binalarının yerində inşa edilən 12 və 14 mərtəbəli, iki girişli yaşayış binasında tikinti işləri başa çatdırılmışdır.
2018-ci il ərzində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 1420 nəfərin iştirakı ilə 44 səyyar görüş-qəbul keçirilmiş, 714 nəfər vətəndaş qəbul edilmişdir. 
Rayon Məşğulluq  Mərkəzinə müraciət etmiş 1764 nəfərdən 627-si iş ilə təmin edilmiş, 76 nəfər peşə hazırlıq kurslarına göndərilmiş, 97 nəfər  özünüməşğulluq proqramı üzrə təlimləri başa vuraraq biznesin qiymətləndirilməsi mərhəlisəndən keçmiş, 53 nəfər isə aktivlərlə təmin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2018-ci il ərzində 1215 nəfər işsiz vətəndaş yeni açılmış haqqı ödənilən ictimai faydalı işlərə cəlb edilmişdir. Onların iştirakı ilə rayonda geniş abadlıq-təmizlik işləri aparılmışdır.
2019-cu ildə “DOST İŞ Mərkəzi” MMC tərəfindən təqdim olunacaq 905 nəfər işsiz şəxsin müvafiq istiqamətlər üzrə haqqı ödənilən ictimai işlərə cəlb olunması nəzərdə tutulmuş və həmin işlərə artıq başlanılmışdır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2018-ci ilin avqust və noyabr aylarında rayonda məskunlaşmış 62 məcburi köçkün ailəsi onlar üçün tikilmiş binalara köçürülmüşdür.
Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı Ağacan Abiyev, Sevinc Fətəliyeva, Fərəc Quliyev, rayonun müəssisə və xidmət sahələrinin rəhbərləri, rayon sakinləri iştirak və çıxış etmişdir.
Yekunda rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xüsusi vurğulamışdır ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, inamlı və stabil inkişafı ölkəmizin Prezidenti ilə birbaşa bağlıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz iradəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid məqsəd uğrunda səfərbər edən və arxasınca aparan əvəzolunmaz  liderdir.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi kursuna sadiq olan rayonun əmək kollektivləri və sakinləri  qazanılmış uğurların daha da artırılması üçün əzmlə çalışacaq, rayonun inkişaf etdirilməsi və abadlaşdırılması naminə  üzərimizə düşən vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəyik.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olundu, rayonun sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində, ictimai həyatında fəal iştirak edən bir qrup şəxs rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişdir.

 

Keçidlər