Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Xocalı faciəsinin 27-ci ildönümü geniş qeyd edilmişdir

25 fevral 2019 | 16:00

Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə və müəssisələrində silsilə tədbirlər keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə həsr olunmuş ümumrayon tədbiri təşkil olunmuşdur.
Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, ictimaiyyətinin nümayəndələri, rayonda məskunlaşan xocalılar əvvəlcə türk rəssamların Xocalı faciəsinə, o cümlədən Qarabağ hadisələrinə həsr olunmuş rəsmləri ilə tanış olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirildikdən sonra Xocalı faciəsinin, o cümlədən, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” imzaladığı 5 fevral 2019-cu il tarixli Sərəncamda deyilir: “Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.”
Xalqımız bu böyük faciəni, insanlığa və bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən olan Xocalı soyqırımını dərin hüznlə yad edir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı ermənilərin Azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifələrindən biridir. Xocalı soyqırımı Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc əhaliyə qarşı törədilmiş kütləvi qətllərin miqyasca ən dəhşətlisidir.
Dünyanın aparıcı kütləvi informasiya vasitələri, tanınmış hüquq müdafiəçiləri, ekspertləri, ictimai-siyasi xadimləri Xocalıda törədilən vəhşiliklərə biganə qalmamışlar. “Times”, “İzvestiya”, “Sunday Times”, “Financial Times”, “La Mond” qəzetləri, digər dünya şöhrətli mətbu orqanlar Xocalı qətliamından bəhs edən məqalələr dərc edərək, bu qətliamı bəşəri cinayət adlandırmışdır.
Xocalı soyqırımı zamanı yol verilmiş bu kimi zorakılıq əməllərinin əvvəlcədən düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq genosid hesab edilir. İnsanlığa qarşı bu cinayəti törədənlər gec-tez öz layiqli cəzalarını almalıdırlar.
İlqar Abbasov bildirmişdir ki, o dövrdə rəhbərlikdə olan insanların dövlət idarəçiliyi səviyyələri çox aşağı idi. Onlar üzərlərinə düşən vəzifə məsuliyyətinin nə demək olduğunu anlamırdılar. Xocalı faciəsi baş verdikdən sonra da,  faciəsinin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilmədi. Bu faciəyə siyasi qiymət vermək yalnız Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. İlk növbədə, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli işlər görülmüşdür. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı (genosidi) günü haqqında" xüsusi qərar qəbul etdi, hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı.
Bu gün Azərbaycan hakimiyyəti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyini dəfələrlə vurğulayıb.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Mehriban xanımın gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.
Hazırda respublikamızın 51 rayonunda məskunlaşan xocalıların müvafiq sosial yardım proqramlarına cəlb olunması, imtiyazlı şəxslərin müavinət və təqaüdlərinin vaxtlı-vaxtında verilməsi, ali məktəblərə ödənişli əsaslarla qəbul olunanların təhsil haqqından azad edilməsi dövlətimizin diqqət mərkəzindədir. Bununla yanaşı, onların həyat və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyev tərəfindən mühüm addımlar atılır.
Tədbirdə Milli Məclisin deputatı Sevinc Fətəliyev YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonda məskunlaşmış Xocalı şəhər sakini, soyqırım nəticəsində yaxınlarını itirmiş Xəlil Vəliyev çıxış etmişdir.
Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bu sözlərlə yekunlaşdırdı: “Bu gün Xocalılarla yanaşı, doğma yurdlarından didərgin düşmüş bütün soydaşlarımız əmindirlər ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyü tezliklə təmin olunacaq, soydaşlarımız ata-baba yurdlarına qayıdacaqlar. Artıq Cocuq Mərcanlı buna bir nümunədir. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.”
Sonda Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilmişdir.

 

 

Keçidlər