Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqil Azərbaycan Respublikası Prokurorluğu orqanlarının 100 illik tarixi var

01 oktyabr 2018 | 16:00

“Azərbaycan Prezidenti kimi mən Azərbaycan                                         Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”
                                                  Azərbaycan xalqının ümumilli lideri  H.Ə.Əliyev.

Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cumhurriyyəti yarandıqdan  sonra başlamışdır. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən «Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə» təsdiq edilmişdir.Həmin Əsasnaməyə görə Azərbaycan Məhkəmə Palatası böyük sədr, departament sədri, 8 üzv, prokuror və onun 2 nəfər köməkçisindən ibarət tərkibdə yaradılmışdı. Hökumətin 1919 il 28 fevral və 10 may tarixli qərarları ilə vəkil Ələkbər bəy Xasməmmədov palatanınn böyük sədri, keçmiş Simferopol dairə məhkəməsinin prokuroru Olgerd Kriçinski isə palatanın prokuroru təyin edilmişdilər. Ali məhkəmə instansiyası olan Azərbaycan Məhkəmə Palatası dairə məhkəmələrinin fəaliyyətini yoxlayır, onların qərarlarından apellyasiya şikayətlərinə, vəzifə cinayətlərinə, mülklərə sahiblik hüququ, əmlaka qəyyumluq qoyulması haqqında işlərə baxır, notarius vəzifələrini yerinə yetirirdi. Həmin dövrdə prokurorluq orqanları Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində fəaliyyət göstərirdi.
1920-ci ilin aprel ayında Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhurriyyəti süquta yetirildikdən və  Azərbaycan Sovet Sosialist Respublikası elan edildikdən sonra Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixli «Xalq məhkəməsi haqqında» dekreti ilə dövlət orqanları ilə yanaşı prokurorluq və istintaq orqanları da ləğv edildi.
Bu dövrdə bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması zərurətindən irəli gələrək Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli «Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında» Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu.
1936-cı ilin iyul ayında Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlamışdır.
Kommunist partiyasının mütləq hakim olduğu sovetlər rejiminin yaşadığı 70 il ərzində prokurorluq bu rejimə və partiya liderlərinə xidmət edən bir orqana çevrilmişdir.
1955-ci il mayın 24-də «SSRİ-də prokuror nəzarəti haqqında Əsasnamə» nin qəbulu prokurorluğun inkşafında mühüm mərhələ oldu. 30 noyabr 1979-cu il tarixli «Prokurorluq haqqında» SSRİ qanunu qəbul edilənədək prokurorluq orqanları bu əsasnaməyə uyğun fəaliyyət göstərmişlər.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra Respublikamız yeni dövrə qədəm qoymuşdur.
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni bir dövr başlanmışdır. Bu dövrdə müstəqil dövlətçiliyimizin əleyhinə olan cinayətlər, görkəmli ictimai və dövlət xadimlərinə qarşı törədilən terror aktları, dövlət əmlakının mənimsənilməsi, bank-maliyyə sistemində baş vermiş ağır cinayət hadisələri, o cümlədən sadə vətəndaşlarımızın əmanətlərinin talan edilməsi kimi ağır cinayət hadisələri məhz prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkərcasına istintaq edilmiş, təqsirkar şəxslər layiqli cəzalarını almışlar. Bu dövrdə ölkəmizdə 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət və hərbi çevrilişlərinə cəhdlərin qarşısı alınmışdır. Həmin hadisələrlə bağlı cinayət işlərinin istintaqının aparılmasında prokurorluğun bir qrup əməkdaşı xüsusi ilə fərqlənmişdir.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonrakı 12 il müddət ərzində Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən orqana çevrilməklə sivil və demokratik inkişaf yolu keçmişdir.
Müstəqil Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu istiqamətində inkişafının hüquqi təsisatlarını, dövlətin və idarəetmənin hüquqi əsaslarını formalaşdıraraq respublikamızda hüquq sisteminin bünövrəsini yaradan 1995-ci il Konstitusiyasında Prokurorluq orqanlarına xüsusi maddə həsr edilərək dövlət idarətmə sistemində bu təsisatın yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyən edilməklə prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilmişdir.
Konstitusiya prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanımış, onun statusunu müəyyənləşdirmişdir.
Bu dövr ərzində qəbul olunmuş çoxsaylı qanun və məcəllələr, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında», «Konstitusiya məhkəməsi haqqında», «Prokurorluq haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında», «Vəkillər və vəkillik fəaliyyəti haqqında» qanunlar, Cinayət, Cinayət-Prosessual, Cəzaların icrası, Mülki, Mülki-Prosessual, İnzibati xətalar məcəllələri və bir sıra mühüm normativ-hüquqi aktlar bütövlükdə demokratik cəmiyyətdə prokurorluğun yeri və rolunu müəyyən etmişdir.
Milli prokurorluq orqanlarının tarixinin 1918-ci ildən başlanmasına baxmayaraq, idarəetmənin digər sahələrində mövcud olsa da, prokurorluq işçilərinin peşə bayramı uzun illər ərzində qeyd olunmamışdır. Belə bir təşəbbüs məhz ümummilli lider Heydər Əliyev tərəfindən göstərilərək, onun 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən hər il oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir. Prokurorluq işçilərinin peşə bayramı gününün müəyyənləşdirilməsi prokurorluq orqanlarına dövlət səviyyəsində böyük qayğının ifadəsi olmaqla yanaşı prokurorluq işçilərinin fəaliyyətinin yüksək dəyərləndirilməsi və qiymətləndirilməsinin təzahürü olmuşdur.
Ümummilli liderin şəxsi təşəbbüsü və rəhbərliyi ilə 1998-ci il 28 noyabr tarixdə prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr edilmiş təntənəli yığıncaqdakı tarixi nitqində verdiyi tapşırıq və tövsiyələr fəaliyyətimiz üçün proqram əhəmiyyətinə malik olmuşdur. Ümummilli liderin həmin yığıncaqda dediyi: "Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız" kəlamı hər bir prokurorluq işçisinin gündəlik işində bütün bilik, qüvvə və bacarığını səfərbərliyə alaraq əməl etməyə çalışdığı fəaliyyət şüarına çevrilmişdir.
Ulu öndərin həyata keçirdiyi məhkəmə-hüquq islahatları çərçivəsində 1999-cu ilin dekabrında qəbul edilmiş "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda prokurorluğun sovetlər dönəminin totalitar rejiminə xas olan funksiyalardan azad olunması, onun fəaliyyətinin forma və metodlarının demokratik prinsiplərə uyğunlaşdırılması nəzərdə tutulmaqla bu təsisatın sistemi və təşkili, səlahiyyətləri və vəzifələri, kadr təminatı və işçilərin sosial müdafiəsi, fəaliyyəti ilə bağlı digər məsələlər müasir beynəlxalq standartlara uyğun tənzim edilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevnin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın xüsusi əhəmiyyətə malik olduğunu xüsusi vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşmə dövrünün əsasını qoyan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki fəaliyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır.

Keçidlər