Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda akademik Zərifə xanım Əliyevanın 95-ci ildönümü münasibəti ilə konfrans keçirilmişdir

27 aprel 2018 | 16:00

Azərbaycanın ən parlaq və tanınmış simalarından olan görkəmli oftalmoloq-alim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibəti ilə Suraxanı rayonunda silsilə tədbirlər keçirilir.
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin, rayon İcra Hakimiyyətinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Mərkəzdə “Zərifə Əliyeva – böyük alim, fədakar qadın, qayğıkeş ana” mövzusunda  konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə, Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular, Mərkəzdə  görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibəti ilə yaradılmış guşədə  qoyulmuş büstü önünə tər güllər düzdülər, rəsm və kitab sərgisi ilə tanış oldular, “Elegiya” filminə baxdılar.
Konfrans  Zərifə xanım Əliyevanın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.
Konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, tariximizdə silinməz iz qoymuş, Azərbaycanın ən parlaq və tanınmış simalarından olan əməkdar elm xadimi, tibb elmləri doktoru,  akademik,  görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, vətən naminə gördükləri böyük işlərdir. Bugünkü konfrans da Zərifə xanımın əziz xatirəsinə sonsuz ehtiramın ifadəsidir. Dünya şöhrətli alim, bacarıqlı həkim, gözəl insan Zərifə xanım Əliyevanın adı əbədiyyət ünvanında həmişəlik qərar tutub.
Qəlbi vətən sevgisi ilə döyünən, xeyirxah işləri ilə xalqının adını yüksəklərə qaldıran, xəstələrə şəfqət paylayan, insanları ağır epidemiyalardan, peşə xəstəliklərindən mühafizə edib qoruyan, həkim-oftalmoloq kimi doğma Azərbaycanın hüdudlarından kənarda da tanınan, sevilən Zərifə xanım Əliyeva həyatın sınaqlarından, elmin çətin yollarından keçərək şərəfli bir ömür yaşamağın nümunəsinə çevrilib.
Təsadüfi deyildir ki, onun seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyət də insanlara nur bəxş etmək olub. Bacarıqlı alimin möcüzəli əllərindən süzülən işıq bu gün də şəfa verdiyi insanların gözlərindədir. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın müqəddəs xatirəsi, ülvi insani keyfiyyətləri, dəyərli elmi fəaliyyəti daim xatırlanır.
Zərifə Əliyevanın zəngin elmi fəaliyyəti, qazandığı uğurlar barədə məruzə ilə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Aqiyə xanım Naxçıvanlı qeyd etdi ki, Zərifə xanım Əliyevaya həmkarlarının, yetirmələrinin, xəstələrinin hörmət və məhəbbətini qazandıran onun həkim fədakarlığı, yüksək vətəndaşlıq mövqeyi, səmimiyyəti, insanlara qayğısı idi. Son dərəcə xeyirxah insan olan Zərifə xanım Əliyeva yaşamaqdan, işləməkdən xüsusi zövq alırdı, nikbin insan idi, ətrafında xeyirxahlıq və etimad ab-havası yaratmaq üçün çox çalışırdı. Bu parlaq şəxsiyyət xeyrin təntənəsi, xalqın xoşbəxtliyi üçün əlindən gələni edirdi. İnsanlara təmənnasız sevinc bəxş edən Zərifə xanım vəfalı, sədaqətli ömür–gün yoldaşı, humanist, alicənab bir qadın kimi hər bir azərbaycanlının yaddaşında yaşayır. Xalqımız qəlblərdə dərin iz salmış bu müdrik insanın nurlu xatirəsini həmişə əziz tutur.
Məruzə ətrafında Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Dilarə Cəbrayılova, Ağacan Abiyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Azərbaycan qadın və inkişaf mərkəzinin Suraxanı rayon bölməsinin sədri Şövkət Xanməmmədova, 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Sədaqət Şahi, 232 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova çıxış etdi.
Konfransın işini yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Amma bu adların sırasında ən şərəflisi Ana adıdır.
Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində Ulu Öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da əməyi böyükdür.
Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən qüdrətlənir, öz inkişaf templərinə görə dünyada qabaqcıl yerlərdən birini tutur. Bakının çox böyük uğurla ev sahibliyi etdiyi ən mötəbər siyasi, iqtisadi, elmi, mədəni tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsindən xəbər verir, eyni zamanda, dünya ictimaiyyətinin diqqətini tariximizə, mədəniyyətimizə, incəsənətimizə cəlb edir.
İstər Ümummilli Lider Heydər Əliyevin, istərsə də ömür-gün yoldaşı, akademik Zərifə xanım Əliyevanın həyata keçməyən ideyalarının gerçəkləşməsində möhtərəm Prezidentimiz cənab  İlham Əliyevlə birgə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək dəyərləri öz şəxsiyyətində cəmləyən Mehriban xanım Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinə layiqli töhfələrini verir.
Akademik Zərifə xanım Əliyevanın işıqlı obrazı heç zaman ürəklərdən silinməyəcəkdir.
Konfransın sonunda Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Aqiyə xanım Naxçıvanlıya Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi təqdim olundu.
Tədbir bədii hissə ilə yekunlaşdı.

Digər şəkillər - /gallery/37.html

Keçidlər