Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Xocalı faciəsinin 26-cı ildönümü geniş qeyd edildi

23 fevral 2018 | 16:00

“Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 6 fevral 2018-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə Tədbirlər planı təsdiq edilmiş və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun təhsil, səhiyyə və sənaye müəssisələrində silsilə tədbirlər keçirilir.
Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə rayonun 327 nömrəli tam orta məktəbində Xocalı soyqırımının iyirmi altıncı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, ictimaiyyətinin nümayəndələri, rayonda məskunlaşan xocalılar əvvəlcə “Xocalısız 26 il” mövzusunda məktəblilər arasında keçirilmiş rəsm müsabiqəsinin qaliblərinin əl işlərinə baxdılar.
Tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra Xocalı faciəsinin, o cümlədən, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovet imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.
XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir.
İllər keçdikcə bu faciənin təfərrüratları beynəlxalq aləm tərəfindən dərk edilir və soyqırım törədənlər ifşa olunurlar.                                                                                                  
Erməni separatçılarının Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş soyqırım və işğalçılıq siyasətinin davamı olan Xocalı faciəsinə qiymət vermək yalnız Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra mümkün oldu. İlk növbədə, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyini dəfələrlə vurğulayıb.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu var.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım Əliyevanın gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan “Xocalıya ədalət” kampaniyası hazırda 80-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla həyata keçirilir.
Artıq dünyanın iri şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr ucaldılır, küçə və parklara Xocalı adı verilir. Görülən məqsədyönlü və səmərəli işlər nəticəsində “Xocalıya ədalət”in miqyası hər il durmadan genişlənir, bu istiqamətdə aparılan fəaliyyət müsbət nəticələrini verir.
Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim yadda qalmalıdır. Bu kədərli iyirmi altıncı ildönümü günündə Xocalı şəhidlərinin əziz xatirəsini bir daha yad edir, onlara Allahdan rəhmət diləyir, həlak olanların yaxınlarına, doğmalarına, bütün Azərbaycan xalqına bir daha  dərin hüzünlə baş sağlığı veririk.
Tədbirdə Suraxanı rayonunda məskunlaşmış Xocalı şəhər sakini, soyqırım nəticəsində yaxınlarını itirmiş Qədim Abbasov, şəhid anası Saray Quliyeva çıxış etdilər.
Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bu sözlərlə yekunlaşdı: “Xocalılarla yanaşı, doğma yurdlarından didərgin salınmış bütün soydaşlarımız əmindirlər ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyü tezliklə təmin olunacaq, soydaşlarımız ata-baba yurdlarına qayıdacaqlar. Artıq bu qayıdış Cocuq Mərcanlıya baş tutub. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.”
Sonda 87 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya göstərildi.

Digər şəkillər - /gallery/35.html

Keçidlər