Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda 2017-ci ilə yekun vurulmuşdur

09 fevral 2018 | 16:00

“Suraxanı rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr haqqında” rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan  abidəsini ziyarət etmiş, sonra isə Heydər Əliyev parkında  həmişəyaşıl ağaclar əkmişlər. Bununla da rayonda ağacəkmə kampaniyasına start verilmişdir.
Hesabat yığıncağının iştirakçıları ötən ilin iqtisadi göstəricilərini əks etdirən stendlərə baxmış, rayonun sənaye müəssisələrinin istehsal etdiyi məhsullarla tanış olmuşlar.
Hesabat yığıncağında rayonda aparılmış abadlıq-quruculuq işləri haqqında film nümayiş olunmuş, rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sistemli şəkildə həyata keçirilən məqsədyönlü və düşünülmüş islahatlar, ölkəmizin bütün regionlarında, o cümlədən Suraxanı rayonunda da iqtisadiyyatın surətli inkişafını, insanların yaşayış şəraitinin yaxşılaşmasını, yoxsulluğun və işsizliyin azaldılmasını, sabitliyin möhkəmlənməsini təmin etmişdir.
Hesabat dövründə rayonda əvvəlki ilə nisbətən sənaye məhsulunun istehsalı 145%, əsas kapitala yönəldilən investisiyalar 211%, kənd təsərrüfatı 163%, pərakəndə ticarət dövriyyəsi 224% təşkil etmiş, nəqliyyat xidmətləri 3 dəfə artmış, orta aylıq əmək haqqı 611 manat olmuş, əhaliyə 222,0 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş, 4840 yeni daimi iş yeri açılmışdır.
Hesabat dövründə rayonda mühüm yenidənqurma layihələri reallaşdırılıb, küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 306,3 min kvadratmetr asfalt örtüyü çəkilib, 95 min kvadratmetrdən  çox sahədə cari təmir işləri aparılıb. Ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaraçuxur və Zığ qəsəbələrini birləşdirən, uzunluğu 2 kilometr olan avtomobil yolu, Zığ, Əmircan və Yeni Suraxanı qəsəbələrini birləşdirən, uzunluğu 12 kilometr olan yolun 3 kilometrlik hissəsi  yenidən qurulub. Zığ və Hövsan qəsəbələrini birləşdirən 6,8 kilometrlik  avtomobil yolu yenidən qurulur.
Vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir tələblərə cavab verən çoxmənzilli binaların tikintisini reallaşdırmaq məqsədilə Nazirlər Kabinetinin müvafiq  sərəncamı ilə Hövsan qəsəbəsinin qərb hissəsində Dövlət Neft Şirkətinin daimi istifadəsində olan 20 hektar sənaye təyinatlı torpaq sahəsinin kateqoriyası dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməklə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC-nin sərəncamına verilib, həmin ərazidə 3200 mənzilli, 12 min nəfərin yaşaya biləcəyi 7-10 mərtəbəli binalardan ibarət yaşayış kompleksinin, məktəbin və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub. 
2003-cü ildən bəri  Suraxanıda  31 dəfə səfərdə olan və rayonun inkişafına daim böyük diqqət  göstərən möhtərəm Prezidentimiz cənab İlham Əliyev ötən il dekabr ayının 24-də Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə MİDA-nın ikinci layihəsi olan Hövsan yaşayış kompleksində tikiləcək ilk 7 mərtəbəli binanın təməlqoyma mərasimində  iştirak edib.
Hesabat dövründə rayonda 17,8 min poqonometr su və 832  poqonometr kanalizasiya xətləri çəkilib, görülən işlər nəticəsində rayon əhalisinin 58 faizi qrafiklə, 38 faizi isə fasiləsiz su ilə təmin olunub. 
Qaraçuxur qəsəbəsində yerləşən  “S. Steel Company” şirkətinin qarşısındakı dairədən Əmircan qəsəbəsinin Səttar Bəhlulzadə dairəsinədək yolda və Yeni Suraxanı qəsəbəsinin  Səttar Bəhlulzadə, Atamoğlan Rzayev və Xanlar Ələkbərov küçələrində “Azərsu” ASC tərəfindən qəzalı vəziyyətdə olan 2 ədəd  400 millimetr  diametrli su xətti dəyişdirilib,  6820 metr uzunluğunda müxtəlif diametrli yeni xətlər çəkilərək istifadəyə verilib. Ümumiyyətlə, reallaşdırılan bu və ya digər tədbirlər nəticəsində Əmircan və Yeni Suraxanı qəsəbələrində 8 min nəfərin su təchizatı yaxşılaşdırılıb. 
Hazırda Qaraçuxur qəsəbəsinin  Etibar Bəkirli küçəsində 100-ə yaxın fərdi yaşayış evinin altından keçən qəzalı su xəttinin ləğv edilərək daha təhlükəsiz əraziyə köçürülməsi və həmin küçədə 2800 poqonometr, Bülbülə qəsəbəsinin  Səttar Bəhlulzadə, Vüqar Bədəlov küçələrində 6000 poqonometr, Əmircan qəsəbəsinin Elxan Həsənov, Malik Mustafayev və Zülal Tağıyev küçələrində 5500 poqonometr yeni su şəbəkələri qurulur.  
Hesabat dövründə 19,2 kilometr  yeni qaz kəməri çəkilib  və ya əsaslı təmir olunub, 3 ədəd yüksəkgərginlikli elektrik yarımstansiyasının binasında və ətrafında təmir-abadlıq işləri aparılıb, 5 elektrik yarımstansiyasında transformatorlar daha güclüləri ilə əvəzlənib, 5360 metr kabel çəkilib və hazırda rayon əhalisinin 100 faizi elektrik enerjisi ilə, 98 faizi isə məişət qazı ilə təmin olunur.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət mərkəzi”in  xüsusi avtobusları vasitəsilə 2017-ci ilin fevral-mart aylarında  Yeni Suraxanı, Zığ və Hövsan qəsəbələrində 1104 nəfər vətəndaşa səyyar formada xidmət göstərilib.
Əhalinin istiliklə təminatını daha da yaxşılaşdırmaq üçün məhəllədaxili və binadaxili istilik sistemlərində təmir-bərpa işləri görülüb, 1850 poqonometr istilik xətti dəyişdirilib, qarlı-buzlu hava şəraiti üçün qum və duz ehtiyatı yığılıb, maşın və mexanizmlər saz vəziyyətə gətirilib. İstilik sisteminə qoşulan 324 çoxmərtəbəli yaşayış binası, 34 məktəb, 35 uşaq bağçası və 12 səhiyyə obyektinin hər birinə qış mövsümündə istilik verilişi təmin olunub.
Rayonda yararsız və ya qəzalı vəziyyətdə olan mənzillərdə  yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, habelə digər obyektlərin sökülərək yenilərinin  inşa edilməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, müəyyən tədbirlər görülür. Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, 34, 36 və Qəzənfər Vəliyev küçəsi, 13 ünvanlarında yerləşən istismara yararsız evlərin yerində çoxmərtəbəli yaşayış binaları  tikilir.
Hesabat dövründə rayonun mənzil-kommunal birlikləri tərəfindən balansdakı yaşayış binalarının dam örtükləri, pilləkən qəfəsləri təmir olunub, zirzəmilər çirkab sulardan təmizlənib, mühəndis-kommunikasiya sistemlərinin, lift təsərrüfatının işlək vəziyyətdə saxlanılmasına daim diqqət yetirilib.
Hövsan qəsəbəsində 9 ədəd çoxmənzilli yaşayış binası təmir edilmiş, rayonun mənzil-kommunal birlikləri tərəfindən 40-a yaxın çoxmənzilli yaşayış binasının həyətləri abadlaşdırılmışdır.
Rayonda 20 “Nümunəvi abad məhəllə” salınmış, İDEA İctimai Birliyinin təşəbbüsü ilə “Abad həyət - Sağlam həyat” layihəsi çərçivəsində Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə 1, 2, 3, 4, 5 və 6 saylı yaşayış binalarının həyətində abad məhəllənin salınması işləri davam etdirilir.
“Bir bələdiyyə-azı bir layihə” proqramı çərçivəsində Bülbülə qəsəbəsində Şəhidlər xiyabanı əsaslı şəkildə yenidən qurulub, Hövsanda qəsəbəsində “1941-1945” abidə kompleksi əsaslı təmir edilib. Qaraçuxur qəsəbəsində Ə.Mehbalıyev küçəsində “Vətən şəhidləri unudulmur” abidə kompleksində isə yenidənqurma işlərinə başlanılıb. 
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun yaşadığı Əmircan qəsəbəsi, 8/6 saylı binanın üzərində quraşdırılmış xatirə lövhəsinin təntənəli açılışı ilə əlaqədar ətraf  sahələr abadlaşdırılıb, həyətlərdə oturacaqlar quraşdırılıb, yaşıllıqlar salınıb.
Ümumilikdə, rayon üzrə 19 ünvanda 63 şəhidin xatirəsini əbədiləşdirən xatirə kompleksləri əsaslı təmir olunub və ya yeniləri tikilib.
Hesabat dövründə Suraxanıda ətraf mühitin yaxşılaşdırılması tədbirləri davam etdirilib, rayonda fəaliyyət göstərən neft əməliyyatı şirkətləri tərəfindən ümumi sahəsi 1,5 hektar olan 45 gölməçə qurudulub və müxtəlif növ tullantılardan təmizlənib, lay suları, habelə    neftlə çirklənən 9,8 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub, həmin ərazilərdə qazon və ağaclar əkilib. 
Ekoloji vəziyyətin yaxşılaşmasına mütəmadi keçirilən iməciliklər də müsbət təsir göstərib. Belə ki, hesabat dövründə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən 16 ümumrayon iməciliyində  7562 ədəd ağac əkilib.
Əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsinə də mühüm önəm verilib. Rayonda 1435 yeni iş yerinin açılması, abadlıq, yaşıllaşdırma və çoxmənzilli yaşayış binalarının əsaslı təmiri işlərinə rayon MKTB-yə  36-sı məcburi köçkün olmaqla cəmi 568  nəfər  işaxtaran  şəxs, digər qurumlarda isə 662 nəfər vətəndaş cəlb edilib. Rayon Məşğulluq  Mərkəzi tərəfindən 898 nəfər işlə təmin edilib, 158 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.
İqtisadiyyat Nazirliyinin  Sahibkarlığa  Kömək  Milli  Fondu ilə birgə növbəti 12-ci işgüzar forum keçirilmiş, Hövsan qəsəbəsində yaradılmış zeytunçuluq təsərrüfatına 3,6 milyon manat güzəştli kredit verilmiş, 113 yeni iş yerinin yaradılacağı nəzərdə tutulmuşdur.
Rayonda məcburi köçkün ailələrinin problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli ilə bağlı verdiyi tapşırıqlara əməl olunur. Məcburi köçkünlərin məskunlaşdığı Hövsan qəsəbəsindəki  “Gilavar” uşaq bağçasının və H.Quliyev küçəsi, 22 saylı ünvandakı yataqxananın, Bülbülə qəsəbəsindəki “Azərtuneltikinti” şirkətinə məxsus yataqxananın dam örtükləri təmir edilib, rayon ərazisində məcburi köçkünlərin sıx məskunlaşdığı binalarda 426 ailə fərdi sayğacla təmin olunub, yurd-yuvalarından didərgin düşən insanların bir çox məişət problemləri həll edilib. 
RİH başçısı tərəfindən 2017-ci il ərzində 2905 nəfərin iştirakı ilə 51 səyyar görüş-qəbul keçirilib, 574 nəfər vətəndaş qəbul edilib. Qəbullarda səslənən müraciətlərin  əksəriyyəti müsbət həll edilib, digər məsələlərlə baglı aidiyyatı qurumlara müraciətlər göndərilib. 
Rayona turist axını ildən-ilə artır. Ötən il “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu 30751 nəfər ziyarətçi qəbul edib. Bu da 2016-cı illə müqayisədə 27 faiz çoxdur.
Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2017-ci ildə Dövlət Gənclər Siyasətinin həyata keçirilməsi ilə bağlı 97 tədbir keçirilmişdir ki, ümumilikdə bu  tədbirlərin rayon mərhələsində 17610 uşaq, yeniyetmə və gənc iştirak etmiş, Dövlət İdman Siyasətinin həyata keçirilməsi ilə bağlı 101 tədbir keçirilmişdir ki, ümumilikdə bu tədbirlərdə 18023  idmançı iştirak etmişdir.
Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Orxan Bayramov, Milli Məclisin deputatları Ağacan Abiyev, Sevinc Fətəliyeva, rayonun müəssisə və xidmət sahələrinin rəhbərləri, rayon sakinləri çıxış etmişdir.
Yekunda rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xüsusi vurğuladı ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, inamlı və stabil inkişafı ölkəmizin Prezidenti ilə birbaşa bağlıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz iradəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid məqsəd uğrunda səfərbər edən və arxasınca aparan əvəzolunmaz  liderdir.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi kursuna sadiq olan rayonun əmək kollektivləri və sakinləri qəbul edilmiş Dövlət Proqramlarında müəyyən olunmuş  iqtisadi inkişaf hədəflərinin təmin olunması, nəzərdə tutulmuş bütün işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, qazanılmış uğurların daha da artırılması üçün əzmlə çalışacaq, rayonun inkişaf etdirilməsi və abadlaşdırılması naminə  üzərimizə düşən vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəyik.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olundu, rayonun sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində, ictimai həyatında fəal iştirak edən bir qrup şəxs rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.
Hesabat yığıncağında Milli Məslisin deputatı Fərəc Quliyev iştirak etmişdir.

Digər şəkillər - /gallery/33.html

Keçidlər