Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda 2017-ci ilin 1-ci yarısına yekun vuruldu

20 iyul 2017 | 16:00

20 iyul 2017-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətində 2017-ciı ilin birinci yarısının social-iqtisadi inkişafının yekunları və Nazirlər Kabinetinin son iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıda qoyduğu vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin Konfrans zalında keçirilən hesabat yığıncağında Rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasov Nazirlər Kabinetinin iclasında dövlət başçısının proqram xarakterli nitqində vurğulanmış önəmli məsələlər və görülən işlər barədə iştirakçılara məlumat verdi.
Rayon rəhbəri daha sonra ötən 6 ayda rayonda görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə danışdı. Yarım ilin sosial-iqtisadi yekunları barədə məlumat verən rayon rəhbəri qeyd etdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da cari ilin 1-ci yarısında  sürətli sosial-iqtisadi inkişaf davam etdirilmiş, bir çox işlər görülmüş və nailiyyətlər əldə olunmuşdur.
2017-ci ilin 6 ayında rayonda sənaye məhsulunun istehsalı 164,0 milyon manat (keçən ilin müvafiq dövrü ilə müqayisədə +24,1%), tikinti-quraşdırma işləri 12,7 milyon manat (+1,6%), nəqliyyat xidmətləri 7,5 milyon manat (+2,8 dəfə), kənd təsərrüfatı 3,4 milyon manat (+47,8%), pərakəndə ticarət dövriyyəsi 183,9 milyon manat (+4,3%), orta aylıq əmək haqqı 588 manat təşkil etmiş (+6%), 2582 yeni iş yeri açılmış (+4,7%), əsas kapitala yönəldilən investisiyalar 12,8 milyon manat təşkil etmiş, əhaliyə 98,4 milyon manat məbləğində pullu xidmətlər göstərilmişdir.
Rayon infrastrukturunun yenidənqurulması davam etdirilmiş, 14,5 km. yeni qaz kəməri çəkilmiş və ya əsaslı təmir olunmuş, müxtəlif diametrli borularla  1060 p.m. su və 400 p.m. kanalizasiya xətləri çəkilmiş, 1710 p.m. qəzalı su xətti dəyişdirilmiş, bir yüksəkgərginlikli elektrik yarımstansiyası tikilmiş, biri təmir olunmuş, bir yüksəkgərginlikli elektrik yarımstansiyasının tikintisi isə davam etdirilmiş, 950 p.m. istilik xəti dəyişdirilmişdir.
Rayonun küçələrinə və məhəllədaxili ərazilərə 100 min kv.m. asfalt örtüyü salınmış,  uzunluğu 12,0 km. olan Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 3 kilometrlik hissəsində yenidənqurma işləri davam etdirilmiş, Etibar Bəkirli küçəsi (2 km.) və uzunluğu 8 km olan Zığ-Hövsan avtomobil yolu isə yenidən qurulur.
Rayonda tikinti-quraşdırma işləri genişlənmiş, Yeni Günəşli “D” yaşayış sahəsində 1254 mənzilli 9 ədəd, Zığ qəsəbəsində 1050 mənzilli 15 ədəd, Yeni Günəşli “AB” yaşayış sahəsində 340 mənzilli 1 ədəd, Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsində 210 mənzilli 3 ədəd çoxmərtəbəli yaşayış binalarının inşası, Hövsan qəsəbəsində “Xəyal Adası” yaşayış kompleksinin salınması işləri, Zığ-Hövsan-Türkan yolunun, “ATEF Şirkətlər Qrupu” MMC tərəfindən yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun, Yeni Günəşli “AB” yaşayış sahəsində özəl klinikanın, Əmircan qəsəbəsində uşaq bağçasının, Rayon Məhkəməsi üçün yeni inzibati  binanın tikintisi işləri davam etdirilmişdir. Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34 və 36, Qəzənfər Vəliyev küçəsi 13 ünvanda yerləşən istismara yararsız 3 ədəd 2 mərtəbəli yaşayış binalarının əvəzinə 12 və 14 mərtəbəli, iki girişli, 177 mənzilli yaşayış binası tikilir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin dəstəyi ilə Suraxanı Rayon MKTB tərəfindən Hövsan qəsəbəsi  Elman Qasımov küçəsində 11, Oqtay Şabanov küçəsində 4 binanın həyətində 5100 p.m. yeni səki daşları qoyulmuş, 27700 kv.m. asfalt örtüyü vurulmuş, 65500 kv.m. ərazi abadlaşdırılmış, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "Q" yaşayış sahəsində 7 binanın həyətində abadlıq işlərinə başlanılmış, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi 20, 21a, 21b və 21v saylı binaların baş fasadının qarşısında ümumi sahəsi 8800 kv.m. olan yeni park salınmış, söhbətgahlar, oturacaqlar, uşaqların əylənməsi üçün müxtəlif oyun elementləri quraşdırılmış, yaşıllıqlar salınmış, yeni ağaclar əkilmiş, 2 min kv. Metr sahəyə qazon salınmış və suvarma sistemi quraşdırılmışdır. Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində sahəsi 50 kv.m. olan “Veteranlar guşə”si istifadəyə verilmiş, ahılların istirahətinin təşkili üçün lazımi şərait yaradılmış, bununla da RİH tərəfindən inşa edilmiş Veteranlar guşələrinin sayı 8-ə çatdırılmışdır.
3 saylı Xüsusi Təyinatlı MKTB tərəfindən Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsində 2 ünvanda, Muxtar Fətəliyev küçəsində 3 ünvanda, Zaur Şərifov və Cəlal Qurbanov küçələrin hər birində 1 ünvanda binaların həyətləri abadlaşdırılmış, yeni asfalt örtüyü salınmış, söhbətgahlar, oturacaqlar və uşaq oyun elementləri quraşdırılmışdır. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun yaşadığı Əmircan qəsəbəsi, 8/6 saylı binanın divarına onun xatirə lövhəsinin vurulması ilə əlaqədar binanın ətrafında  sahələr abadlaşdırılmış, binaların fasadlarının aqlay hissəsi əsaslı təmir olunmuş və 1-ci mərtəbə səviyyəsində rənglənmiş, həyətdə oturacaqlar quraşdırılmış, yaşıllıqlar salınaraq sakinlərin istirahəti üçün şərait yaradılmışdır.
Ümumilikdə rayonda 6 ay ərzində 17 “Nümunəvi abad məhəllə” salınmışdır. Əmircan qəsəbəsində 18-ci əsrin sonlarında inşa edilmiş “Seyid qızı” türbəsi də əsaslı təmir olunmuş, ətraf əraziləri abadlaşdırılmışdır.
“Bir bələdiyyə - azı bir layihə” proqramı çərçivəsində Hövsan qəsəbəsində Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılmış “1941-1945” abidə kompleksi əsaslı təmir edilmiş, 1150 kv.m. ərazi abadlaşdırılmışdır. Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində 250 kv.m qazon əkilmiş, ağacların və yaşıl çəmənin suvarılması üçün 300 p.m. su xətti çəkilmişdir. Bülbülə kənd qəbiristanlığında yerləşən və sahəsi 350 kv.m. olan Şəhidlər xiyabanı əsaslı şəkildə yenidən qurulmuş, 11 şəhidin xatirəsi əbədiləşdirilmişdir. Ümumiyyətlə, rayon üzrə 19 ünvanda 63 şəhidin xatirəsini ədəbiləşdirən xatirə kompleksləri əsaslı təmir olunmuş və yeniləri tikilmişdir.
Ekoloji məsələlərin həllinə diqqət artırılmış, keçirilmiş iməciliklərdə 5000 ədəd ağac əkilmiş, Zığ və Bülbülə göllərinin ekoloji vəziyyətlərinin yaxşılaşdırılması işləri davam etdirilmiş, rayonda operator şirkətlər tərəfindən ümumi sahəsi 1,1 hektar olan 33 gölməçə müxtəlif növ tullantılardan təmizlənmiş,  lay suları və neftlə çirklənmiş 9,68 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunmuş, 23 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmiş, həmin ərazilərdə qazon və ağaclar əkilmişdir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsi proqramı davam etdirilmiş, bu il həmin proqrama əsasən rayon üçün 1435 yeni iş yeri açılmış, rayonun ərazisində abadlıq, yaşıllaşdırma və təmizlik işlərinin görülməsi, çoxmənzilli yaşayış binalarının əsaslı təmiri işlərinə Rayon MKTB-yə  36-sı məcburi köçkün olmaqla cəmi 568  nəfər  işaxtaran  şəxs  işə  qəbul edilmiş, digər qurumlarda 662 nəfər vətəndaş işlə təmin edilmişdir.
Rayon əhalisinin sosial müdafiəsi diqqət mərkəzində olmuş, hesabat dövründə 6706 aztəminatlı şəxslərə 3 milyon 780 min manat sosial müavinət ödənilmiş, 1572  ailəyə  ünvanlı dövlət sosial yardımı təyin edilmiş, 177 nəfər tənha, əlil vətəndaşa evlərdə sosial xidmət göstərilmiş, 59 nəfər imtiyazlı vətəndaş reabilitasiya mərkəzinə, pansionat və sanatoriyalara göndərilmiş, Məşğulluq Mərkəzinə müraciət edənlərdən  761 nəfəri işlə təmin edilmiş, 90 nəfər peşə hazırlıq kurslarına göndərilmişdir.
Cari ilin mart ayının 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərindəki yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli ilə bağlı keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar rayonda konkret tədbirlər müəyyənləşdirilmiş və  müəyyən işlər görülmüşdür. Belə ki, rayonda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin problemlərinin həlli ilə bağlı məcburi  köçkün ailələrinin məskunlaşdığı Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsi 22 saylı yataqxananın və keçmiş “Gilavar” uşaq bağçasının, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi 149 ünvanda  “Azərtunel” MMC-yə məxsus yataqxananın dam örtükləri təmir olunmuş, Zığ qəsəbəsində məcburi köçkün Şükürov Şəkur Zakir oğlunun qısaqapanma nəticəsində yanaraq yararsız hala düşmüş fərdi yaşayış evi təmir olunmuş, RİH tərəfindən mətbəx mebeli, yataq və qonaq dəsti ilə təmin edilmiş, 426 məcburi köçkün ailəsi fərdi elektrik sayğacı ilə təmin olunmuş  və digər işlər görülmüşdür.
Yaşayış şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etmiş vətəndaş Rasim İsmayılova müstəsna qaydada Hövsan qəsəbəsində təmirli və məişət əşyaları ilə təchiz olunan mənzil verilmiş, aprel döyüşləri zamanı II qrup əlil olmuş rayon sakini Qarayev Elşən Nüsrət oğlunun müraciəti əsasında RİHB-nin müvafiq sərəncamına uyğun olaraq tikinti işləri  “Xəzər inşaat XXI əsr” MTK tərəfindən inşa olunmuş qaraj onun istifadəsinə verilmişdir.
2017-ci ilin 6 ayı ərzində  RİH başçısı tərəfindən 293 nəfər vətəndaş qəbul edilmiş, 1585 nəfərin iştirakı ilə 27 səyyar görüş-qəbul keçirilmişdir.
Ötən dövr ərzində təsdiq edilmiş tədbirlər planlarına əsasən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və aidiyyəti dövlət orqanlarının iştirakı ilə rayonda ənənəvi olaraq dövlət bayramları qeyd edilmiş və müxtəlif tədbirlər keçirilmişdir.
İndiyədək Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 75 minə yaxın yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən 16 mindən artıq istifadəçi faydalanmışdır. Mərkəzdə 2017-cıin 6 ayı ərzində 11 ümumrayon tədbiri, ümumilikdə isə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlar ilə birgə 2009-cu ildən bəri 200-dən artıq tədbir keçirilmişdir.
2017-ci ilin 6 ayı ərzində Suraxanı Rayon Gənclər və İdman İdarəsi tərəfindən aidiyyəti Dövlət Proqramlarının icrası, sağlam həyat tərzinin təbliği və gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə ümumillikdə 138 tədbir və idman yarışı keçirilmiş, bu tədbirlərdə 25837 nəfər gənc, yeniyetmə və idmançı iştirak etmiş, bu il ölkəmizdə keçirilmiş Bakı-2017 IV İslam Həmrəylik oyunlarında rayon sakini  Ayxan Mamayev karate idman növü üzrə çempion adını qazanmışdır.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq 2017-cı il fevralın 15-dən mayın 1-dək rayonda  153,0 min nəfər vətəndaş və 138 kollektiv tibbi müayinədən keçmiş, bu da tibbi müayinədən keçməsi nəzərdə tutulanların 87,24%-ni təşkil etmişdir.
Hesabat yığıncağında əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları də müzakirə olunmuşdur. Yığıncaqda Milli Məslisin deputatları Ağacan Abiyev, Sevinc Fətəliyeva və Fərəc Quliyev çıxış etdilər.
Tədbiri yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xüsusi vurğuladı:  “Dövlətimizin başçısı cənab İlham Əliyevi bir daha əmin etmək istəyirəm ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi kursuna sadiq olan rayonun əmək kollektivləri və sakinləri qəbul edilmiş Dövlət Proqramlarında müəyyən olunmuş  iqtisadi inkişaf hədəflərinin təmin olunması, nəzərdə tutulmuş bütün işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, qazanılmış uğurların daha da artırılması üçün əzmlə çalışacaq, rayonun inkişaf etdirilməsi və abadlaşdırılması naminə  üzərimizə düşən vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəyik.”
Sonda Suraxanı RİHB-nin birinci müavini Hacıyev Rəşad Zülfəli oğluna “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təqdim olundu,  rayonun ictimai həyatında və əhalinin tibbi müayinəsinin təşkilində fərqlənən bir qrup şəxs Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.

Keçidlər