Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda dəyirmi masa təşkil olunmuşdur

12 iyul 2017 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu ilə birlikdə tədbirləri davam etdirir. Növbəti tədbir Suraxanı rayonu, Əmircan qəsəbəsində keçirilmişdir. Əmircan və Bülbülə qəsəbə ziyalılarının, ictimaiyyət nümayəndələrinin, gənclərin iştirakı ilə 114 nömrəli tam orta məktəbin akt zalında ““Heydər Əliyev və Azərbaycançılıq”   mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov qeyd etdi ki, bu günlərdə ölkəmizin hər yerində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin  siyasi hakimiyyətə gəlməsinin 48 illiyi münasibəti ilə tədbirlər keçirilir. 1969-cu il iyul ayının 14-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin birinci katib seçilməsi  ölkəmizin həyatında yeni təkamül dövrünün başlanğıcı olmuşdur.
XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Ulu Öndər Heydər Əliyev Azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini - əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Ümummilli Lider məhz həmin illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Əgər Ulu Öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışmaq çətin olardı.
Heydər Əliyevin Azərbaycançılıq ideologiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur. Azərbaycançılığın ümummilli ideologiya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Dəyirmi masada çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi  Əli İbrahimov bildirdi ki, Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir. Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Ümummilli Liderin müəllifi olduğu, sistemləşdirdiyi Azərbaycançılıq ideologiyası təkcə ölkəmizin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib.
Əli İbrahimov qeyd etdi ki, müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər azərbaycançılıq ideologiyasının təbliği və mənimsənilməsində müstəsna əhəmiyyət kəsb etmişdir. Ulu Öndərin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Bu gün ölkəmiz Ümummilli Liderin ideyaları əsasında inkişaf edir. Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, ölkəmizdə inkişafın, sabitliyin və həmrəyliyin təmin olunması bilavasitə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Natiq vurğuladı ki, Ulu Öndər öz çıxışlarında bir vacib məqamı hər zaman diqqətə çatdırıb ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir və biz bunu qoruyub saxlamalı, dünyaya ən yüksək səviyyədə təbliğ etməliyik
Dəyirmi masada çıxış edən Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondu Aparatının rəhbəri, hüquq elmləri doktoru, professor  İsaxan Vəliyev qeyd etdi ki, sovet dövründə respublika rəhbəri işləyərkən Heydər Əliyevin mənəviyyat, təhsil, mədəniyyət, milli adət-ənənələrin qorunması və inkişafı sahəsində gördüyü işlər müstəqil dövlətimizin yaradılması ilə nəticələndi. Azərbaycançılıq ideologiyası da məhz buradan qaynaqlanır. Bu ideologiya ölkəmizdə yaşayan xalqları bir amal uğrunda birləşdirir: Hamımızın Vətəni Azərbaycandır və biz müstəqil dövlətimizi qoruyub inkişaf etdirməliyik. Hələ 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilərkən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət dili Azərbaycan dili kimi təsdiq olundu. Eyni zamanda, o dövrdə iqtisadiyyatı, sənayeni inkişaf etdirməklə, bu sahədə güclü baza yaratmaqla, bütün sahələr üzrə peşəkar milli kadrlar yetişdirməklə Ulu Öndər müstəqilliyin əsasını qoymuşdur.
Dəyirmi masada çıxış edənlər vurğuladılar ki, Ulu Öndərin qurub gücləndirdiyi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin isə daha da qüdrətləndirdiyi Müstəqil Azərbaycan Respublikası regionun lider dövləti, dünya birliyində isə söz sahibidir. Bütün bu uğurların qazanılmasında, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyalarının ölkəmizdə gerçəkləşməsində möhtərəm Prezidentimiz cənab  İlham Əliyevlə birgə fəal iştirak edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır.
Tədbir bu sözlərlə yekunlaşdı: Azərbayan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev adlı Ümummilli Lideri var.

Keçidlər