Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda tatarların milli bayramı – “Sabantuy” təntənəli qeyd edilib

04 iyul 2017 | 16:00

Azərbaycanda yaşayan tatar icması milli bayramları “Sabantuy”u Suraxanı rayonundakı Heydər Əliyev parkında təntənəli şəkildə qeyd edib.
Bayram iştirakçıları əvvəlcə Ümumilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil və tər güllər qoyublar.
Mərasim Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Tatarıstan Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov tədbir iştirakçılarına rayon rəhbərliyinin təbriklərini çatdıraraq “Sabantuy”un Suraxanıdakı Heydər Əliyev parkında keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirib. Barxudar Barxudarov qeyd edib ki, Azərbaycan və Tatar xalqlarının əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu dostluq bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Nazirlər Kabineti yanında əsas arxiv idarəsinin rəisi İrada Ayyubova Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovun adından qonaqları bayram münasibətilə təbrik edib və təbrik məktubunu bayram iştirakçılarının diqqətinə çatdırıb.
Bayram şənliyində çıxış edən Rusiyanın Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Artyom Barkov, Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirov xalqlarımız arasındakı dostluq münasibətlərini yüksək dəyərləndiriblər.
Ölkəmizdəki multikultural şərait, tolerantlıq dövlət başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin bariz nümunəsi kimi qiymətləndirildi. Qeyd edildi ki, “Sabantuy”un Azərbaycanda keçirilməsi bunun əyani subutudur.
İncəsənət ustalarının da qatıldığı bayram şənliyi geniş konsert proqramı ilə davam etdi. “Sabantuy” bayramının ayrılmaz hissəsi olan müxtəlif müsabiqələr də iştirakçılara güc və bacarıqlarını müsabiqədə nümayiş etdirmək imkanı yaratdı. Gənclər tatar milli idman yarışlarında güclərini sınadılar. Qaliblər mükafatlandırıldı.

Keçidlər