Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Respublika günü geniş qeyd edildi

26 may 2017 | 16:00

Suraxanı rayonunda Azərbaycanda Xalq Cumhuriyyətinin yaranmasının 99 illiyi münasibəti ilə silsilə tədbirlər təşkil olunmuşdur.  Rayon ərazisində yerləşən tam orta məktəblərdə Azərbaycanın müstəqillik tarixinə həsr olunmuş dərslər, inşa yazı müsabiqələri keçirilmiş, sənaye, səhiyyə, təhsil müəssisələrində dəyirmi masalar təşkil olunmuşdur.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun, rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının birgə təşkilatçılığı ilə Mərkəzdə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmişlər.
Mərkəzin Elektron lektoriya zalında keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlandı. Konfrans iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin 99 illiyi münasibəti ilə təbrik edən İlqar Abbasov qeyd etdi ki, ölkəmizdə şərqin ilk demokratik respublikası yaranmışdır.Təkcə bu faktı dilə gətirməyin özü bizi nə qədər qürurlandırır. Bu Azərbaycanın tarixidir. Vətənimizin qızıl hərflərlə yazılmış tarixidir. Bugünkü konfransın keçirilməsində də məqsəd bir daha tarixə nəzər salmaq, 23 ay müstəqil yaşayan Azərbaycan Xalq Cümhuriyyəti dövründə və  71 il sovetlər birliyinin tərkibində yaşadıqdan sonra 1991-ci ilin 18 oktyabrında yenidən müstəqillik əldə edən ölkəmizin müstəqillik yolunda əldə etdiyi uğurları bir daha diqqətə çatdırmaqdır.
Əsl müstəqillik Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olanda dövlətçiliyimizin atributu olan himn, üçrəngli bayraq və gerbimizi bərpa etməsi ilə başladı. Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır.
Rayon rəhbəri qeyd etdi ki, 1991-ci ildə yenidən müstəqillik əldə edən Azərbaycan bitib-tükənməyən hakimiyyət çəkişmələri, parçalanıb məhv olmaq təhlükəsi ilə üz-üzə idi. Belə ağır vəziyyətdə ölkənin xilasının yeganə yolunu görkəmli siyasi xadim Heydər Əliyevin hakimiyyətə gəlməsində görən Azərbaycan xalqı Ulu Öndəri təkidlə Bakıya dəvət etdi. Milyonlarla insanın təkidinə və xahişinə hörmətlə yanaşan Ulu Öndərimiz yenidən siyasi hakimiyyətə qayıdaraq 1993-cü il iyunun 15-də Milli Məclisin sədri seçilməsi ilə dövlət müstəqilliyinin qorunmasını, ölkədə sabitliyin, əmin-amanlığın yaranmasını, iqtisadiyyatın inkişafını təmin etdi.
Xalqımız 28 May Respublika gününü hər il təntənə ilə qeyd edir. Təsadüfi deyil ki, ölkə başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev 16 may 2017-ci il tarixdə imzaladığı Sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsini qərara almışdır.
Konfransda  “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda məruzə ilə şıxış edın Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudova qeyd etdi ki, 23 ay bir millətin nələrisə əldə etməsi baxımından çox qısa bir zaman kəsiyidir. Lakin Azərbaycan Xalq Cümhuriyyəti 99 il bundan öncə yarandığı 28 may günündən etibarən xalqın milli şüurunda dönüş yaratmağı bacardı.
71 il sonra 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyi yenə təhlükə qarşısında idi. Yalnız Ümummilli Liderin 1993-cü ilin 9 iyununda xalqın təkidli istəyinə səs verərək  hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini əbədi, dönməz etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə  qayıdışı ilə separatçıların ölkəni parçalamaq kimi məkrli niyyətlərinə son qoyuldu. Dövlət çevrilişi cəhdlərinin və terror  aktlarının  qarşısı alındı. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul olundu. Azad və demokratik  şəraitdə prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Ölkədə demokratik dəyişikliklər aparıldı. Hüquq-mühafizə, məhkəmə sistemi yenidən quruldu.
Dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” və digər kontraktlar imzalandı. Ulu Öndərin müstəqil ölkəmizə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxardı. Sosial-iqtisadi inkişafa geniş meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, böhran həddində olan iqtisadiyyatımızda, sənayedə uğurlu islahatlar nəticəsində tərəqqiyə doğru inamlı dönüş yarandı. Sosial islahatlar həyata keçirildi, səfalət həddində yaşayan vətəndaşlarımızın sosial güzəranı əsaslı şəkildə dəyişdi, onların həyat tərzi yüksəldi, əhalinin maaşlarının, təqaüdlərinin, müavinətlərinin mərhələli artımı davamlı hal aldı.
Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər hər birimizi sevindirir və qürurlandırır.
Məruzə ətrfında Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun şöbə müdirləri Natiq Məmmədzadə, İlqar Niftəliyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Ağacan Abiyev çıxış etdilər.
Konfransın işini yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov  qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətlə davam etdirdiyi müstəqil Azərbaycanın siyasəti ölkəmizin yüksəlişi ilə yanaşı, həm də beynəlxalq mövqelərini möhkəmləndirib, imicini yüksəldib. Məhz bunun sayəsində regional gücə çevrilən və tam müstəqil siyasət həyata keçirən Azərbaycan, bir çox dövlətlərin strateji tərəfdaşı, beynəlxalq məsələlərdə söz sahibi olan ölkələrdən biridir.
Sürətlə inkişaf edən Azərbaycan artıq dünyada  beynəlxalq tədbirlərin keçirildiyi əsas mərkəzlərdən biri kimi tanınır. Bəşəri dəyərlərə verdiyi mühüm töhfələrin nəticəsi olaraq bu gün ölkəmiz çağdaş dünyamızı narahat edən humanitar məsələlərin müzakirə olunduğu, sivilizasiyalararası dialoqun keçirildiyi bir məkana çevrilib.
Azərbaycan həm də Olimpiya hərəkatının geniş vüsət aldığı idman ölkəsidir. Təqdirəlayiq haldır ki, respublikamızın davamlı inkişafı idmanı da əhatə edib və ötən illər ərzində ölkəmizin idman infrastrukturu tamamilə yenidən qurulub. Bunun nəticəsi olaraq son illərdə ölkəmizdə idmanın əksər növləri üzrə dünya və Avropa çempionatları, “Bakı-2015” I Avropa Oyunları keçirilib. 2017-ci il may ayının 12-22 tarixlərində isə Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - “Bakı-2017” IV İslam Həmrəyliyi Oynlarına yüksək səviyyədə evsahibliyi edərək tarix yazdı. On gün ərzində İslam dünyasının idman nəbzi Bakıda döyündü. İslamiadanın yarışları, sözün həqiqi mənasında, əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə yadda qaldı. “Bakı-2017”də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medalla birinci oldu. İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı.
Yarışların gedişi bir daha təsdiqlədi ki, Təşkilat Komitəsinin sədri, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyalarının ölkəmizdə gerçəkləşməsində möhtərəm Prezidentimiz cənab  İlham Əliyevlə birgə fəal iştirak edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Oyunlara ən incə detallar belə nəzərə alınmaqla yüksək səviyyədə hazırlıq görülüb. Oyunlar İslamiadanın tarixinə möhtəşəm idman bayramı kimi yazıldı.
İlqar Abbasov qeyd etdi ki, artıq 26 ildir ki, müstəqilliyimizin bəhrələrini görürük. 28 May Azərbaycan respublikasının müstəqillik arzularının gerçəkləşdiyi gün olaraq hər zaman xatırlanacaqdır.
Konfrans  Azərbaycan xalqının xilaskarı. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin müdrik sözləri ilə yekunlaşdı:
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.”
Sonda Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu rayonun ictimai həyatında fəal iştirakına görə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildil və xatirə hədiyyəsi təqdim edildi. Eyni zamanda, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi ilə rayonun 9-11-ci sinif şagirdlərinə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda keçirilən  Açıq dərslərin tədrisində və təhsil müəssisələrində keçirilən tədbirlərin  təşkilində fərqlənən  müəllimlər rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildilər, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə keçirilən rəsm sərgisində fərqlənən şagirdlər mükafatlandırıldılar.

Keçidlər