Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir

08 may 2017 | 16:00

Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir.
Növbəti belə tədbir - “Heydər Əliyevin neft strategiyası”  mövzusunda konfrans Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun, rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının birgə təşkilatçılığı ilə Mərkəzdə keçirilmişdir.
Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun bir qrup əməkdaşı, 3 mindən yuxarı rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər, Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Rəsm dərnəyində yaradıcılıqla məşğul olan məktəblilərin Mərkəzin ətrafında yerləşdirilmiş lövhələrdə sərgilənən rəsm əsərlərnə baxdılar.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan, rəsm və kitab sərgilərinə baxışdan sonra Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Poçt Markalarının təqdimatı oldu. Konfrans iştirakçılarına Ulu Öndərlə bağlı bu günə qədər hazırlanmış Poçt Markaları haqqında ətraflı məlumat verildi.
Mərkəzin sifarişi ilə hazırlanmış Ümummilli Liderin həyat və yaradıcılığına həsr olunmuş “Millət atası” filminə baxışdan sonra konfrans öz işinə başladı.
Konfransda məruzə ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, konfransımız sosial-iqtisadi yüksəliş sürətinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanan, bəynəlxalq birliyin nüfuzlu üzvü olan Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev dühasının, genişmiqyaslı və məqsədyönlü fəaliyyətinin bir sahəsi olan Azərbaycanın neft strategiyasına həsr olunub.
Dərin mənəvi, mədəni, elmi, iqtisadi potensiala, əlverişli coğrafi-siyasi mövqeyə malik olan ölkəmiz həm də, özünün zəngin təbii sərvətləri ilə məşhurdur. Bu sərvətlər içərisində neft əsas yer tutur. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün Azərbaycan nefti onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilmişdir.
Tarixə ekskursiya etsək görərik ki, Azərbaycan neft sənayesi  özünün 170 ildən yuxarı olan tarixi ərzində böyük inkişaf yolu keçmişdir.
Ötən əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin böyük nailiyyətləri ilə yadda qalaraq onun inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi illəri olmuşdur. Həmin illərdə respublikamızın neft sənayesinin bütün uğurları Azərbaycana rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu dövrdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi möhkəmlənmiş, onun geniş infrastrukturu yaradılmış, Xəzərdə planlı şəkildə geoloji-kəşfiyyat işlərinə başlanılmışdır.
Azərbaycan xalqı yalnız XX əsrin sonlarında müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanmışdı. Amma müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik edən şəxslər Azərbaycan neftinə maraq göstərən xarici neft şirkətləri ilə 1993-cü ilin yazında elə bir müqavilənin bağlamasına yaxınlaşmışdı ki, o nəinki  xalqın mənafelərini nəzərə almır, həmçinin ölkənin  qiymətli təbii sərvətini talan edərək iqtisadiyyata böyük ziyan vururdu.
Yalnız xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu.
Azərbaycan xalqının bu sərvətdən tam bəhrələnmək imkanını reallığa çevirən Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev dühası oldu. “Əsrin müqaviləsi”ndən başlanan milli inkişaf Azərbaycanın müstəqilliyini əbədi, dönməz etdi.
Konfransda məruzə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Ulu Öndər Heydər Əliyevin dahiliyinin, müdrikliyinin elmi təhlilini verdi, bütün dövrlərdə onun siyasətinin uğurlu olmasının dahi şəxsiyyətin liderlik zirvəsi ilə əsaslandırdı. Heydər Əliyevin neft strategiyasının təkcə ölkəmiz və region ölkələri üçün yox, dünya üçün əhəmiyyəti olduğunu xüsusi vurğuladı. Neft strategiyasının uğurlarının qeyri neft sektorunun, bütövlükdə ölkənin sürətli inkişafında müstəsna rolunu qeyd etdi.
Heydər Əliyevin uğurlu neft strategiyası ölkənin təhsil və elminin inkişafında mühüm rol oynadığı diqqətə çatdırıldı. Neftdən gələn gəlirlərin “Holland sindromu” yaratmamasının səbəbi də Heydər Əliyevin böyük uğurlu siyasətinin olması xüsusi qeyd edildi.
Akademik Vaqif Abbasov qeyd etdi ki, dahi və müdrik Heydər Əliyev zamanında layiqli varis yetişdirməklə öz böyük siyasətinin uğurlu davamını təmin edib. Ölkəmizin çox hörmətli Prezidenti İlham Əliyev cənabları bənzərsiz Heydər Əliyev siyasi, mənəvi və idarəçilik məktəbindən bəhrələnməsi onu dünyanın ən nüfuzlu prezidentlərindən biri səviyyəsinə ucalmağa imkan vermişdir.
Ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti, çox hörmətli Mehriban xanım Əliyeva da Heydər Əliyev siyasi məktəbindən bəhrələnməsi onun nüfuzlu ictimai və siyasi xadim olmasında öz böyük rolunu oynayıb.
Daha sonra məruzə ətrafında Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov, Neft-Kimya Prosesləri İnstitutunun direktor müavini, texnika elmləri doktoru Təranə Məmmədova çıxış etdilər. Azərbaycanın neft tarixindən, ölkəmizin taleyində neftin yeri və təsirindən, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ölkənin hərtərəfli inkişafı, o cümlədən neft sənayesinin inkişafında əvəzsiz rolu haqqında ətraflı danışdılar.
Konfransın işini yekunlaşdıran Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, məruzədə və çıxışlarda da qeyd olunduğu kimi Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının rəmzidir, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlamış siyasi, iqtisadi və sosial böhrandan çıxıb dirçəlməsinin rəmzidir, bu gün yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir.
Ulu Öndərin neft strategiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən enerji siyasəti bu gün ölkəmiz, xalqımız və bütöv region üçün böyük faydalar verir. Neft-qaz resurslarımız ölkə iqtisadiyyatını gücləndirir, eyni zamanda beynəlxalq mövqelərimizi də möhkəmləndirir.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsində möhtərəm Prezidentimiz cənab  İlham Əliyevlə birgə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək dəyərləri öz şəxsiyyətində cəmləyən Mehriban xanım Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinə layiqli töhfələrini verir.
Azərbaycan siyasi və iqtisadi cəhətdən qüdrətlənir, öz inkişaf templərinə görə dünyada qabaqcıl yerlərdən birini tutur.
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasova Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi təqdim olundu.
Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş bir qrup gəncə partiyanın vəsiqələri təqdim olundu.
Konfransda Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak etmişdir.

Keçidlər