Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda səhiyyə işçiləri akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünü qeyd etdilər

28 aprel 2017 | 16:00

Suraxanı rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir. Növbəti tədbir  rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında keçirilmişdir.
Rayonun səhiyyə işçilərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Arif Məmmədov bildirmişdir ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü ölkəmizdə geniş qeyd edilir, əziz xatirəsi sonsuz məhəbbətlə anılır, yad edilir. XX əsrin ikinci yarısında tibb elminə böyük töhfələr vermiş görkəmli alimlər sırasında Zərifə xanım Əliyevanın özünəməxsus yeri var. Bütün elmi fəaliyyətini oftalmologiyaya həsr edən yorulmaz alim bu sahədə bir çox yeniliklərə imza atmışdır. Alimin tədqiqatlarının nəticələri, elmi irsi bu gün də öz əhəmiyyətini, aktuallığını saxlamaqdadır.
Tədbirdə çıxış edən 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Azər Məmmədov qeyd etmişdir ki, Zərifə xanım Əliyevaya həmkarlarının, yetirmələrinin, xəstələrinin hörmət və məhəbbətini qazandıran onun həkim fədakarlığı, yüksək vətəndaşlıq mövqeyi, səmimiyyəti, insanlara qayğısı  idi. Hədsiz dərəcədə xeyirxah bir insan olan Zərifə xanım Əliyeva yaşamaqdan, işləməkdən xüsusi zövq alır, həyata və insanlara qarşı nikbin və xeyirxah idi.
Tədbirdə çıxış edən 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimi Dürdanə Kənkərli, 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimi Fatma Nuriyeva akademik Zərifə xanım Əliyevanın zəngin elmi fəaliyyəti, tibb sahəsində qazandığı uğurlar barədə ətraflı məlumat verdilər.
Tədbirdə səslənən fikirləri ümumiləşdirən Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev qeyd etmişdir ki, tibbin mühüm sahəsi olan oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca mərtəbələrini fəth edən Zərifə xanım Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə sanballı möhürünü vurmuşdur. Akademik Zərifə xanım Əliyevanın böyük zəhmət hesabına ərsəyə gətirdiyi dərs vəsaitləri, dərsliklər, elmi monoqrafiyalar bu gün təkcə Azərbaycanın deyil, ümumilikdə dünya oftalmologiyasının sanballı xəzinəsinə çevrilmişdir.
Akademik Zərifə xanım Əliyeva bütün fəaliyyəti boyu həkimlik etikasını uca tutmuş, insan sağlamlığını ictimai sərvət, insanların gözlərinə nur bəxş olunmasını isə bəşəri humanizm kimi dəyərləndirmişdir.
Hər kəsin qəlbinə yol tapmağı bacaran bu nəcib insan təkcə öz həmkarları ilə yox, sadə peşə adamları, alimlər, mədəniyyət və incəsənət xadimləri ilə də asanlıqla ünsiyyət qurur, həmişə ətrafında xeyirxahlıq mühiti yaratmağa nail olurdu. Bütün bunlarla yanaşı, Zərifə xanım Əliyeva qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı, yüksək mənəviyyat sahibi olmuşdur. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin anasıdır. Oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyata keçməyən ideyalarının gerçəkləşməsində möhtərəm Prezidentimiz cənab  İlham Əliyevlə birgə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir.
Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Keçidlər