Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda bu günədək 108 min 249 nəfər tibbi müayinədən keçib

14 aprel 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, əhalinin fevralın 15-dən başlanan növbəti kütləvi pulsuz tibbi müayinəsi Suraxanıda da uğurla davam etdirilir.
Suraxanıda 216 min 280 nəfər sakin və rayonda məskunlaşan 20 min 247 nəfər məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Aksiya rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada həyata keçirilir. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində müayinə olunur. İndiyədək rayon üzrə 108 min 249 nəfər vətəndaş və 110 müəssisənin kollektivi tibbi müayinədən keçib. Tibbi müayinə nəticəsində 3172 nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb, 94 nəfər stasionar müalicəyə cəlb edilib, 231 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.
Rayonda əhalinin tibbi müayinəsinin aparıldığı müəssisələrdən biri də Hövsan qəsəbəsində yerləşən 23 nömrəli Şəhər Poliklinikasıdır. Ölkəmizdə gedən abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq əsaslı təmirdən çıxan bu səhiyyə ocağında Suraxanının idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanların, habelə pensiyaçıların tibbi müayinəsinə xüsusi önəm verilir. Rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları tədbirin yüksək səviyyədə təşkilindən xəbər verir.
Poliklinikanın baş həkimi Şərəbanı Yusifzadə bildirdi ki, əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkarlanaraq insanların müalicəyə cəlb olunması məqsədilə keçirilən bu aksiya bütün qəsəbə sakinlərinin ürəyincədir. Xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb edir.
Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Qəsəbə sakinləri, əvvəlcə terapevt tərəfindən müayinə olunur, sonra isə ehtiyac yarandığı halda onlar cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlər tərəfindən müayinə edilirlər.
Tibbi müayinə başlayandan indiyə kimi poliklinikada 14 min 644 nəfər tibbi müayinədən keçib. Onların 259 nəfərində xəstəlik aşkar olunub, 81 nəfəri təkrar müayinə üçün Bakının müxtəlif xəstəxanalarına göndərilib. Eyni zamanda, 1934 nəfərdən labarotor analiz götürülüb, 434 nəfər EKQ, 1521 nəfər rentgen müayinələrindən və 2131nəfər isə UZİ müayinəsindən keçib.
Müayinədən keçən sakinlər onlar üçün yaradılan şəraitə görə  dövlət başçısına minnətdarlıqlarını bildirir, belə aksiyaların davamlı olmasını arzulayırlar.

Keçidlər