Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Xocalı faciəsinin 25-ci ildönümü geniş qeyd edilir

24 fevral 2017 | 16:00

“Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli, “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 24 yanvar 2017-ci il tarixli və  “Xocalı soyqırımının 25-ci ildönümünün Bakı şəhərində keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 yanvar 2017-ci il tarixli Sərəncamlarının icrasını təmin etmək məqsədi ilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə “Suraxanı rayonunda Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair Tədbirlər planı” təsdiq edilmişdir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tədbirlər planına uyğun olaraq rayonda silsilə tədbirlər keçiriir.
24 fevral 2017-ci il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Mərkəzdə Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Rayon İcra Hakimiyyət başçısı yanında Şuranın üzvləri, ictimaiyyətinin nümayəndələri, rayonda məskunlaşan xocalıların iştirak etdiyi tədbir iştirakçıları əvvəlcə “Xocalısız 25 il” moxzusunda məktəblilər arasında keçirilmiş rəsm müsabiqəsinin qaliblərinin əl işlərinə baxdılar. Mərkəzin 2-ci mərtəbəsində 3 lektoriyada şagirdlər üçün təşkil olunmuş “Xocalı soyqırımı”, “Qarabağ həqiqətləri” və “Ordu quruculuöu” mövzularında açıq dərslərlə tanış oldular.
Tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.. Sonra Xocalı faciəsinin, o cümlədən, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovetlər imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.
XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir.
İllər keçdikcə bu faciənin təfərrüratları beynəlxalq aləm tərəfindən dərk edilir və Soyqırım törədənlər ifşa olunurlar.                                                                                                  
Erməni separatçılarının Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş soyqırımı və işğalçılıq siyasətinin davamı olan Xocalı faciəsinə qiymət vermək yalnız Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra mümkün oldu. İlk növbədə, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyini dəfələrlə vurğulayıb.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu var.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri çox hörmətli Mehriban xanım Əliyevanın gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan “Xocalıya ədalət” kampaniyası hazırda 80-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla həyata keçirilir.
Artıq dünyanın iri şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr ucaldılır, küçə və parklara Xocalı adı verilir. Görülən məqsədyönlü və səmərəli işlər nəticəsində “Xocalıya ədalət”in miqyası hər il durmadan genişlənir, bu istiqamətdə aparılan fəaliyyət müsbət nəticələrini verir.
Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim yadda qalmalıdır. Bu kədərli iyirmi beşinci ildönümü günündə Xocalı şəhidlərinin əziz xatirəsini bir daha yad edir, onlara Allahdan rəhmət diləyir, həlak olanların yaxınlarına, doğmalarına, bütün Azərbaycan xalqına bir daha  dərin hüzünlə baş sağlığı veririk.
Rayon rəhbəri bildirmişdir ki, 24 fevral 2014-cü ildə Respublika Hərbi Prokurorluğunda “Memorial Soyqırım muzeyi” açılıb . Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunədir. Müstəqilliyimizin bizə bəxş etdiyi töhfələrdən biri də tarixi həqiqətlərimizi, tariximizi obyektiv şəkildə araşdırmaq və bu faktları gələcək nəsillərə olduğu kimi çatdırmaqdan ibarətdir.
Ötən illərdə rayonun bir qrup məktəblisi “Memorial Soyqırım muzeyi”ndə olublar. Gələcəkdə də məktəblilərin “Memorial Soyqırım muzeyi” ilə tanışlığını davam etdirmək lazımdır. Məktəblilərimizə soyqırım, ermənilərin başımıza gətirdiyi faciələr barədə mühüm məlumatların çatdırılmasında “Memorial Soyqırım muzeyi”nin  böyük faydası var.
Tədbirdə “Xocalı Soyqırımı Tanıtma” İctimai birliyinin sədri Şamil Sabir oğlu, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, , Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, 290 №-li tam orta məktəbin hərbi hazırlıq müəllimi, “Xocalı Soyqırımı Tanıtma” İctimai birliyinin üzvü Muxtar Həşimov, “Asan Radio”-nun əməkdaşı, “Xocalı Soyqırımı Tanıtma” İctimai birliyinin üzvü Vəfa Səfərova,  Suraxanı rayonunda məskunlaşmış Xocali şəhər sakini, soyqırım nəticəsində yaxınlarını itirmiş Qədim Abbasov çıxış etdilər.
Tədbir bu sözlərlə yekunlaşdı: Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
Sonda 290 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya göstərildi.

Keçidlər